DOST-un əməkdaşları şəhid ailələri və qaziləri ziyarət edirlər
Bakı, 14 oktyabr, AZƏRTAC
DOST Agentliyi və DOST mərkəzlərinin rəhbər şəxsləri Vətən müharibəsinin ildönümü günlərində şəhid ailələri və qaziləri evlərində ziyarət edir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı şəhid ailələri və qazilərə dövlətin sosial dəstək tədbirləri barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəmanların xalqımızın xatirəsində əbədi olaraq yaşayacağı qeyd edilib. DOST-un nəzdində fəaliyyət göstərən Vahid Əlaqələndirmə Mərkəzi bu sahədə istənilən xidməti göstərmək üçün hazırdır.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST mərkəzlərində yaradılan Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən etibarən fəaliyyət göstərir.
Ümumilikdə 7 qurumun xidmətlərini bir pəncərə prinsipi ilə təqdim edən mərkəzdə bu müddət ərzində 1800-ə yaxın şəhid ailəsi və qaziyə xidmət göstərilib.