Dövlət Aqrar Ticarət Şirkəti fermerlərin maarifləndirilməsi layihəsinə başlayıb
Bakı, 5 mart, AZƏRTAC
Dövlət Aqrar Ticarət Şirkəti fermerlərin maarifləndirilməsi layihəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, mart ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən ölkənin müxtəlif rayonlarında fermerlərin maarifləndirilməsi ilə bağlı silsilə təlimlərə start verilib. Fermerlərin maarifləndirilməsi ilə bağlı ilk təlim Xaçmaz rayonunda baş tutub. “Maliyyə savadlılığı” mövzusunda “Paşa Bank”ın nümayəndəsi Vüqar Əliyev, “Aqrobiznesdə marketinqin rolu” mövzusunda isə Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndəsi Röyal Şirinov təqdimatla çıxış edib, təlimdə iştirak edən fermerləri maraqlandıran sualları cavablandırıblar.
Martın 7-8-də Lənkəran, martın 11-12-də Şəki, martın 13-də Gəncə, martın 14-15-də Qax, martın 27-28-də isə Tovuz rayonlarında təlimlər keçiriləcək. Tədbirdə maliyyə savadlılığı, qlobal GAP, məhsulların sertifikatlaşdırılması, yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın önəmi, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları mövzularında ekspertlər tərəfindən mühazirələr oxunacaq, müzakirələr aparılacaq.
Bu mövzularda maarifləndirici təlimlərin mütəmadi olaraq digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.