Dövlət Arxivinin Salyan filialında “Açıq qapı” günü
Bakı, 27 dekabr, AZƏRTAC
Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Salyan filialının builki iş planına uyğun olaraq, filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Salyan rayon şöbəsinin sədri Vəfa Əbilova, Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli və əməkdaşı Fəxriyyə Miriyeva, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Səidə Əliyeva və Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov və filialın əməkdaşları iştirak ediblər.
Dövlət Arxivinin Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək, arxivin əsas fəaliyyəti istiqamətləri, o cümlədən filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib.
Filialın əməkdaşları Məlahət Sərdarova və Sədəf Nəcəfova tərəfindən filialda mühafizə edilən arxiv sənədləri haqqında ətraflı məlumat verilib, qonaqların sualları cavablandırılıb.
Tədbir açıq diskussiya şəklində davam edib.