Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra faciəni əks etdirən videoslayd nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı ilin yanvar hadisələrini xatırlatmış, sovet imperiyasının törətdiyi bu cinayətin xalqımızın milli azadlıq hərəkatını boğmağa çalışan siyasətin acı nəticəsi olduğunu qeyd etmişdir. Rektor 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, günahsız insanların əziz xatirəsinin, xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir. U.Ələkbərov bu hadisənin 1988-ci ildə respublikamızda baş verənlərin davamı olduğunu və böyük fəlakətlə nəticələnərək tariximizə Qanlı Yanvar kimi həkk olunduğunu demişdir. O, həmin dövrdə Moskvada yaşayan xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin haqq səsini ucaldaraq faciənin dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyi xidmətlərdən, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən danışmışdır.
Rektor ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu istiqamətdə görülən işlərdən, onun təşəbbüsü ilə ilk dəfə hadisəyə hüquqi-siyasi qiymət verildiyindən danışmışdır. U.Ələkbərov ümummilli liderin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar faciəsində həlak olanların ailə üzvlərinə kömək üçün imzaladığı sənədlərin onların xatirəsinə böyük hörmət olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də Qanlı Yanvar faciəsindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan tarixinin həm şanlı, həm də faciəli səhifələri daim yad edilməli, nəsillərdən-nəsillərə ötürülərək unudulmamalıdır. 20 Yanvar faciəsi zamanı göstərilən qəhrəmanlıq, şücaət, xalq birliyi və həmrəyliyi hər bir azərbaycanlı üçün örnək olmalıdır.