Dövlət Komitəsində görüş: Keçmiş məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmindirlər
Bakı, 20 may, AZƏRTAC
İyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Vətəndaşların fərdi qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Kəlbəcər rayonunun Zallar kəndinin bir qrup sakini ilə görüşüb. Yurd yerlərinin azad edilməsi və bərpasına başlanması ilə əlaqədar kənd camaatı adından ölkə rəhbərliyinə minnətdarlıq bildirilib. Kəndin tamamilə yenidən salınacağı nəzərə alınaraq, sakinlərlə məsləhətləşmə aparılıb, onların rəy və təklifləri dinlənilib. Onlara bir daha bildirilib ki, dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kənddə işlərin ən yüksək səviyyədə yerinə yetirilməsi üçün zəruri tədbirlər görülür.