Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litvada səfərdədir
Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir.
Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında imzalanan “Fəaliyyət Planı”na əsasən əməkdaşlar Məşğulluq Xidmətinin Vilnüs şəhərində fəaliyyət göstərən nümayəndəliyində olub, iki ölkə arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı Litva nümayəndələrinə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri, rəqəmsal məşğulluq istiqamətində aparılan islahatlar barədə məlumat verilib, əmək bazarının mövcud vəziyyəti ilə əlaqədar qarşılıqlı təhlillərə baxılıb və Litva Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri öyrənilib.
Səfər çərçivəsində, həmçinin Litva Məşğulluq Mərkəzinin 3 regional ərazi bölməsində və Vilnüs, Tauraqe, Klaypeda və Şyaulyay şəhərlərindəki məşğulluq xidmət şöbələri və işəgötürənlərlə görüşlər keçirilir.