Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi
Bakı, 26 may, AZƏRTAC
“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə Dövlət mükafatına layiq görülmək böyük qürur və məsuliyyətdir. Bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq rəssamı Eldar Mikayılzadə deyib.
O diqqətə çatdırıb ki, “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası 8 il ərzində ərsəyə gəlib. “Kolleksiya qədim xalçaçılıq sənətinə yeni nəfəs gətirən mühüm layihələrdən biridir. Kolleksiyada “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı”, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, həmçinin “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı-gəbələri yer alıb. O vurğulayıb ki, hər bir əsər ornament və naxışları vasitəsilə öz mesajını çatdırır. Xüsusilə, “Yaranış” xalçasında xammalın hazırlanmasından xalçanın tam toxunmasına qədər bütün mərhələlər bədii şəkildə əks etdirilib. Kolleksiyanın hazırlanmasında 6 rəssam və 14 toxucu iştirak edib, xalçalar ipək və yundan toxunaraq təbii boyalarla rənglənib. Burada 170 müxtəlif rəng və çalardan istifadə olunub”, - deyə Eldar Mikayılzadə əlavə edib.
“Səmavi dinlər” triptixindən danışan sənətkar vurğulayıb ki, layihənin əsas ideyası müxtəlif dinlərin ortaq humanist dəyərlərini xalça dili ilə təqdim etməkdir. Xalq rəssamının sözlərinə görə, triptix yəhudilik, xristianlıq və İslamı mədəni-fəlsəfi müstəvidə bir araya gətirərək sülh, mərhəmət və ədalət kimi universal anlayışları ön plana çıxarır.
“Çəkilən zəhmət öz bəhrəsini verdi. Bu gün ölkə başçısı 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzaladı. Sərəncama görə mən mədəniyyət sahəsi üzrə Dövlət Mükafatına layiq görüldüm. Bu, sənətkar üçün ən böyük xoşbəxtlikdir. Bundan sonra da Azərbaycan mədəniyyətinin tanınmasına töhfə verməyə çalışacağam”,- deyə dövlət mükafatçısı fikirlərini tamamlayıb.
Müxbir – Fidan Əlizadə