DÖVLƏT PROQRAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bildirmişdir ki, Dövlət Proqramının əsas məqsədi mövcud potensialdan istifadə edərək iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, gənclərin faydalı əməyə cəlb edilməsinə, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdan ibarətdir. Nazir qeyd etmişdir ki, bu illər ərzində sosial təminat sahəsində dövlətin həyata keçirəcəyi siyasətin ən mühüm istiqamətlərindən biri sosial yardımın ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin aztəminatlı hissəsinə xüsusi diqqət yetirilməsindən ibarət olacaqdır.
İclasda Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı təkliflər nəzərə alınmış, əhalinin, o cümlədən regionlarda yaşayan aztəminatlı vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların tibbi reabilitasiyası, pulsuz mənzillərlə təminatı, məşğulluğunun təşkili üçün nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.