DÖVLƏT SƏRHƏD XİDMƏTİ İLLİK HESABAT VERMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərkəzi aparat əməkdaşlarının və hərbi hissə komandirlərinin iştirak etdiyi iclasda Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev hesabat vermişdir. O demişdir: Əsası 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Sərhəd Xidmətinin ötənilki fəaliyyəti sərhədlərimizin etibarlı mühafizəsi, Sərhəd Qoşunlarının ardıcıl və məqsədyönlü inkişafı ilə səciyyələnmişdir. Müdrik rəhbər bizim qarşımızda beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının və narkotik maddələrin yayılmasına, silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dəniz sərhədlərimizin möhkəmləndirilməsi sahəsində mühüm vəzifələr qoymuşdur.
Natiq qeyd etmişdir ki, 2003-cü ildə Xəzər dənizində neft yataqlarının mühafizəsi, aviadəstənin formalaşdırılması, vertolyot və təyyarələrin alınması, texniki müşahidə məntəqələrinin yaradılması, bir sıra sərhəd məntəqələrinin tikilməsi, müxtəlif sərhəd dəstələri arasında əlaqələrin təmin edilməsi, münaqişələr nəticəsində öz ölkəsindən qaçqın düşmüş xarici vətəndaşların sərhədləri qanunsuz keçməsinin qarşısının alınması, Dövlət Sərhəd Xidməti qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhəd dəstələrinin müasir rabitə avadanlığı ilə təchiz edilməsi, müvafiq normativ sənədlərin təkmilləşdirilməsi, müvafiq dövlət qurumları, əhali ilə əlaqələrin, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sair məsələlər diqqət mərkəzində saxlanılmış, Dövlət Sərhəd Xidmətinin 2005-ci ilədək perspektiv inkişaf planının birinci mərhələsi başa çatdırılmışdır. Hesabat dövründə Azərbaycan Macarıstanın Şiofok şəhərində keçirilmiş beynəlxalq konfransda yaradılmış “Silahın, sursatın və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” işçi qrupuna rəhbərliyi uğurla davam etdirmişdir.
General-leytenant Elçin Quliyev sözünə davam edərək sərhədlərin mühafizəsinə təsir göstərən amillərdən, hesabat dövründə aşkar edilmiş sərhəd pozuculuğu, o cümlədən qaçaqmalçılıq faktlarından danışmış, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər sayəsində əhalinin rifahı yüksəldiyi üçün Azərbaycan vətəndaşları tərəfindən sərhədlərin pozulması hallarının xeyli azaldığını vurğulamışdır.
İclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi general-mayor Vahid Əliyev iştirak etmişdir.