DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Tədbirdə Dövlət Sərhəd Xidməti mərkəzi aparatının zabit heyəti Azərbaycanın dövlət himnini ifa etdi.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi və onun nəzdində yenicə yaradılmış Sərhəd mühafizəsi tarixi muzeyi ilə tanış oldular. Muzeyin eksponatları əsasən Azərbaycan sərhəd xidmətinin tarixindən bəhs edir. Muzey haqqında məlumat verilərkən bildirildi ki, hələ 1919-cu il avqustun 18-də Azərbaycanda sərhəd mühafizəsi qurumu yaradılmışdır. Ölkəmizin sərhədlərinin qorunması məhz həmin vaxtdan başlanır.
Sərhədçilərin bütün dövrlərdə istifadə etdikləri xidməti əşyalar, silah-sursat, həmçinin sərhəd xidməti ilə bağlı ölkə Prezidentinin Sərəncam və Fərmanları, Azərbaycan Demokratik Cümhuriyyəti dövründən bü günədək sərhədlərimizin qorunması ilə əlaqədar bütün sənədlər bu muzeydə toplanmışdır.
Muzeydə ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarına diqqət və qayğısını əks etdirən çoxlu sənədlər nümayiş etdirilir. Həmin sənədlərdən aydın olur ki, ümummilli liderimiz sərhəd qoşunlarının peşəkar kadrlarla təmin olunmasına xüsusi əhəmiyyət vermişdir. Məhz onun təşəbbüsü ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında sərhədçi fakültəsi yaradılmışdır. Peşəkar zabit kadrları həmin fakültədə hazırlanır.
Foto sənədlərin bəzilərində ulu öndərin bir sıra sərhəd zastavalarının açılışında iştirakı əks olunmuşdur.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə hərbi qulluqçuların layiq görüldüyü ali hərbi rütbələrin poqonlarını, bu qurumun Tibb İdarəsinin bir qrup hərbi qulluqçusuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının sənədini və döş nişanını təqdim etdi.
Xidməti vəzifələrinin yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunları yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş bir qrup zabitə orden və medallar, habelə yeni mənzillərin orderləri təqdim olundu.
Mərasim respublika incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatdı.
Baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-leytenant Vahid Əliyev, nazirlər və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.