Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunur
Bakı, 20 yanvar (AZƏRTAC). Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar şəhidlərinin xatirəsi dərin hörmət hissi ilə yad olunur.
DSX aparatında qanlı 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, sovet qoşunlarının Bakı şəhərində və respublikamızın digər şəhər və bölgələrində törətdikləri vəhşiliklər, faciənin səbəb və nəticələri barədə danışmışlar.
Bildirilmişdir ki, respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalqımız təkcə hüzn ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir.
Mərasimdə xüsusi olaraq vurğulanmışdır ki, o qanlı hadisəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş və hadisəyə siyasi qiymət vermişdir. Bu qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olmuşdur.
Tədbirin sonunda “Qanlı yanvara aparan yol” adlı film nümayiş etdirilmiş və 20 Yanvar faciəsi ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçirilmişdir.