DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU YEVLAXDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yevlaxda Dövlət Sosial Müdafiə Fondu aidiyyatı nazirliklər və təşkilatların nümayəndələrinin iştirakı ilə Yevlaxda “Regionlarda kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi problemləri” mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Konfransda 2005-ci ildən başlayaraq torpaq sahiblərinin də sosial-sığortaya cəlb edilməsinin pensiya yaşına çatdıqda onların maddi-rifahının yaxşılaşdırılmasında mühüm rolu olacağı bildirilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkəmizin rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində kəndli ailəsinin gəlirlərinin xeyli artdığını diqqətə çatdırmışdır. O, kənd yerlərində adambaşına düşən gəlirin 2002-ci ildə 2001-ci ilə nisbətən 39,6, 2003-cü ildə isə 2001-ci ilə nisbətdə 66,6 faiz artdığını vurğulamışdır.
Səlim Müslümov Azərbaycanın kəndlərində son illərdə torpaq sahiblərinin əsas qüvvəyə çevrildiyini, ölkəmizdə pensiya islahatı çərçivəsində bu təbəqənin sosial sığorta probleminin əsaslı həllinin vacibliyini söyləmişdir.
Pensiyaların maliyyələşdirilməsində regionların payının cüzi olması və bu halın tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayan sədr, potensial imkanları qiymətləndirərək torpaq sahiblərinin ən azı 73 milyard manat məbləğində sosial sığortaya cəlb olunmasının mümkünlüyünü söyləmişdir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında kifayət qədər işlərin görüldüyünü söyləyən S.Müslümov demişdir ki, Naxçıvanda olduğu kimi respublikanın digər kənd və rayonlarında da tələbatın 40 faizi özlərinin topladıqları vəsait hesabına formalaşarsa, biz gələn ilin əvvəlindən pensiyaların orta məbləğini 30 faiz artıra bilərik.
Səlim Müslümov DSMF-da bu ilin sonuna qeydiyyata alınmış torpaq sahiblərinin sayının 100 minə çatacağını qeyd edərək, 2005-ci ildə bu rəqəmin xeyli artacağını diqqətə çatdırmışdır.
Konfransda müzakirə edilmiş məsələlər üzrə konkret vəzifələr müəyyənləşdirildi.