Dövlət Yol Polisi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib
Bakı, 23 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikanın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərində olduğu kimi, Dövlət Yol Polisinin aidiyyəti qurumlarına müraciət edə bilərlər.