ELM VƏ TƏHSİL
Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri
![Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri](/files/2023/2/1200x630/16848288523159064384_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Dövlətçilik tariximiz eramızdan əvvəl III-II minillikdən başlayır. Bu müddətdən Azərbaycan Xalq Cümhuriyyətinə qədər olan dövlətlərin adları və paytaxtları müxtəlif olub. 1918-ci ildə Cümhuriyyətin yaradılmasına qarşı müxtəlif qüvvələr əngəl törədib. Cümhuriyyət təsadüfən deyil, çarizmin torpaqlarımızda həyata keçirdiyi müstəmləkə siyasətindən, həmçinin Avropada, Rusiyada, bölgədə və Vətənimizdə gedən proseslərdən, aparılan ağır, məşəqqətli, ancaq məqsədli və şərəfli bir mübarizədən - milli azadlıq mübarizəsindən sonra yarandı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz söyləyib. B.Əziz bildirib ki, Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı sülalələr yaradıblar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, ideologiya əsasında birləşib və milli təəssübkeşliyi yüksək olan sahibkarların da yaxından köməyilə milli dövlət - Cümhuriyyət qurublar. Onlar yaratdıqları dövlətin möhkəmlənməsi və tanınması yolunda özləri ilə bərabər, ata və babalarının da var-dövlətini, mal-mülkünü böyük ürək açıqlığı ilə sərf ediblər. Torpağı nurla dolmuş bu dahi insanların məqsədi Vətənə ləyaqətlə xidmət etmək olub.
Babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda Azərbaycan Xalq Cümhuriyyətini yarada bildilər. Bu, müsəlman Şərqində ilk demokratik, dünyəvi dövləti idi. Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi. Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının yaratdıqları milli hakimiyyət məfkurəsi idarəçiliyin ən effektli, amma ən çətin formasında gerçəkləşdi. Azərbaycan Cümhuriyyəti aləmi-islamda təşəkkül edən ilk demokratik respublikadır və bir türk dövlətidir.
Millət olmaq əzmini ortaya qoyan Azərbaycan türkləri müstəqil, modern bir dövlət qura bildilər. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq bir xalqa belə möhtəşəm bir əsər, yadigar qoyub getmiş babalarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi 2018-ci ildə dövlət səviyyəsində qeyd edilib. Bu, Cümhuriyyətin dövlətçilik tariximizdəki roluna verilən ən yüksək qiymətdir.