Dövlətlərarası Şuranın qərargahının Bakıda yerləşdirilməsinə dair Saziş imzalanıb
Bu gün Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikasının ərazisində yerləşməsinin şərtləri haqqında Saziş” imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin (BAK) prezidenti və Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının prezidenti Tatyana Anodina imzalayıblar.
İmzalanma mərasimindən əvvəl Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının nümayəndə heyəti ilə görüşü olub. Baş nazirin müavini bildirib ki, həmin sənəd Azərbaycanda əsaslı surətdə öyrənilib. O, həmin sazişin işlənib hazırlanmasına görə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərinə təşəkkür edərək vurğulayıb ki, Sazişin imzalanması həqiqətən əhəmiyyətli və əlamətdar hadisədir, çünki Dövlətlərarası Şura ilə Azərbaycan Respublikası Hökumətinin regionda mülki aviasiyanın inkişafı istiqamətində birgə fəaliyyətinin nəticəsidir. Y.Eyyubov deyib: “Qərargahın fəaliyyəti üçün beynəlxalq hüququn beynəlxalq qurumların saxlanılmasına dair müvafiq normalarına cavab verən hər cür şərait yaradılacaq”. Suveren dövlətin hava məkanının pozulması hallarının çoxaldığını, Azərbaycanın işğal edilmiş ərazilərində aeroportun qanunsuz fəaliyyət göstərdiyini xatırladan Baş nazirin birinci müavini ümidvar olduğunu bildirib ki, Şura beynəlxalq hüququn suveren dövlətin hava məkanından istifadə üzrə normalarına riayət olunması üçün daha böyük inadkarlıq nümayiş etdirəcək.
Şuranın prezidenti Tatyana Anodina deyib ki, Şuranın fəaliyyətinin səmərəliliyini çox cəhətdən müstəqil ölkələrin dövlət və hökumət başçılarının, qanunverici və icra hakimiyyəti orqanlarının dəstəyi müəyyən edir, çünki mülki aviasiyanın və aviasiya sənayesinin beynəlxalq inteqrasiya əsasında qabaqlayıcı inkişafı onlar üçün strateji vəzifədir. Bununla əlaqədar, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ikiqat qiymətli və əhəmiyyətlidir. Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodina sazişin hazırlanması üçün görülən işlərə, habelə Azərbaycanın Dövlətlərarası Şuraya və Dövlətlərarası Aviasiya Komitəsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə, hökumətinə və parlamentinə səmimi minnətdarlığını bildirərək deyib: “Şura işləmək üçün gözəl şəraitlə təmin olunub, onun fəaliyyəti Azərbaycan milli qanunvericiliyinin bütün normalarına cavab verəcək”.
Sonra Saziş təntənəli şəraitdə imzalanıb.