Drezdendə şəhidlərimizin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Almaniyanın Drezden şəhərində “Alm.az” cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən Saksoniya əyalətinin dövlət və hökumət nümayəndələri, Drezdendə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyət, eləcə də rus, yəhudi, Ukrayna, qazax icmalarının təmsilçiləri və Mayson şəhərindən gəlmiş həmvətənlərimiz iştirak etmişlər.
Tədbirdə çıxış edən “Alm.az” cəmiyyətinin sədri Ağahüseyn Babayev iştirakçılara xalqımızın tarixinə Qanlı Yanvar faciəsi və eyni zamanda şanlı qəhrəmanlıq salnaməsi kimi daxil olmuş, keçmiş SSRİ rəhbərliyi tərəfindən törədilən amansız terror aktı barədə məlumat vermişdir.
A.Babayev M.Qorbaçovun havadarlığı ilə ermənilərin Azərbaycan torpaqlarına təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışmışdır. O, 20 Yanvar hadisələrinə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini bildirmişdir.
Daha sonra “Azadlığa aparan yollar” sənədli filmi nümayiş etdirilmişdir.