DÜNYA AZƏRBAYCANLILARININ BİRLİYİ VƏ HƏMRƏYLİYİ ÖLKƏMİZİN XOŞBƏXT GƏLƏCƏYİNİN RƏHNİDİR
Sonra Ağsu şəhər mədəniyyət sarayında rayon ictimaiyyəti nümayəndələrinin bayram toplantısı keçirilmişdir. Toplantını rayon icra hakimiyyətinin başçısı Əflatun Rufıyev açmış, müstəqil, azad və demokratik Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon icra hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini Rasim Novruzov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məruzə etmişdir. Məruzədə böyük öndərimiz Heydər Əliyevin ötən əsrin 90-cı illərində, son dərəcə çətin tarixi bir şəraitdə Azərbaycanın müstəqilliyi, demokratik, sivil dövlət quruculuğu naminə göstərdiyi misilsiz xidmətlərdən söz açılmışdır. Qeyd olunmuşdur ki, bu dahi insan Azərbaycanın xoşbəxt gələcəyini, həm də dünyaya səpələnmiş həmvətənlərimizin birliyində, həmrəyliyində görür və məhz buna görə də bütün xarici səfərlərində bu istiqamətdə məqsədyönlü iş aparır, Azərbaycan diasporunu formalaşdırırdı. Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün bayram kimi qeyd edilməsi məhz vətənini, millətini hədsiz məhəbbətlə sevən Heydər Əliyevin böyük siyasi uzaqgörənliyinin nəticəsidir.
Toplantıda yola saldığımız 2005-ci ildə respublikamızda, onun bir güşəsi olan Ağsu rayonunda qazanılmış uğurlardan, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin əhəmiyyətindən danışılmışdır.
Tədbir iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.
Sonda bayram konserti olmuşdur.