DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ
Sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir cərgədə dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqının övladlarını mənəvi bütövlüyə, dil, əqidə, əməl birliyinə çağırış günü münasibətilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi Yer üzünün siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək, öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını, ulu öndərimiz Heydər Əliyevin elan etdiyi azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları ətrafında birləşməyin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Şübhə yoxdur ki, güclü, möhtəşəm, böyük Azərbaycan milli-mənəvi bütövlüyün sarsılmaz və möhkəm təməli üzərində yüksəlməlidir.
Ötən bir ildə Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti Azərbaycan Respublikasına çox böyük uğurlar gətirmişdir. Ümumi daxili məhsul, sənaye məhsulu istehsalı, dövlət büdcəsinin gəlirləri və digər iqtisadi göstəricilər dünyada analoqu olmayan bir sürətlə artmış, əhalinin yaşayış səviyyəsi durmadan yüksəlmişdir. Cəmiyyətdə vətəndaş həmrəyliyi bərqərar olmuşdur. Siyasi, iqtisadi, hüquqi və sosial islahatlar uğurla davam etdirilmişdir. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi təmin olunmuş, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası yolunda mühüm addımlar atılmışdır. Bu ilin noyabr ayında ölkədə keçirilmiş azad, ədalətli və şəffaf parlament seçkiləri Azərbaycanın demokratik inkişafında yeni bir mərhələ açmışdır.
Bu gün Cənubi Qafqaz bölgəsində lider mövqelərini möhkəmləndirən Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın ürəyindən xəbər verir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğundan, Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, gənc dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar.
Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, bir milyondan çox qaçqın və köçkünlərimizin doğma yurd-yuvasına dönəcəkləri günləri səbirsizliklə gözləyirlər. Qarabağ düyünü nə qədər mürəkkəb olsa da, xalqımızın əlbir səyləri bu problemin öhdəsindən gəlməyə qadirdir. Odur ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu bəlanın aradan qaldırılmasına əlindən gələn köməyi göstərməlidir. Bizim Vətən qarşısında övladlıq borcumuz xalqımızı düşündürən problemlərin həllinə öz töhfəmizi verməkdən ibarətdir. İnanırıq ki, belə də olacaqdır - qeyrətli həmvətənlərimizin birgə səyləri nəticəsində Azərbaycan bütün problemlərini uğurla həll edərək, hər kəsin firavan həyat sürdüyü xoşbəxt bir məmləkətə, Yer üzünün müxtəlif bölgələrində məskən salmış soydaşlarımızın sarsılmaz dayağına çevriləcəkdir.
Əziz həmvətənlər və soydaşlar!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti, firavanlıq arzulayır, doğma Azərbaycanımıza nurlu gələcək diləyirik!
Hörmətlə,
Azərbaycan Respublikasının
Milli Məclisi
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2005-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir).