Dünya dövlətləri Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı soyqırımı: siyasi-hüquqi müstəvidə” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Sağalmaz yara” sənədli filminə baxış olmuşdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək demişdir ki, Xocalıda vəhşicəsinə törədilmiş soyqırımı aksiyasının XX əsrdə analoqu olmamışdır. Erməni millətçiləri düşünülmüş şəkildə insanları yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qətlə yetirmişlər. Bu faktın özü erməni quldurları tərəfindən soyqırımı siyasətinin həyata keçirildiyini sübuta yetirir.
Rektor bildirmişdir ki, Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Bu gün isə ermənilərin Xocalıda törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri ölçüyəgəlməzdir.
Tədbirdə DİA-nın müəllimlərinin “Xocalı soyqırımına gedən yol”, “Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır”, “Xocalı soyqırımı beynəlxalq müstəvidə” və digər mövzularda məruzələri dinlənilmişdir.
Sonda tədbir iştirakçıları adından Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi məqsədi ilə hazırlanmış və rus, ingilis, fransız, alman, ərəb dillərinə tərcümə olunmuş müraciət qəbul olunmuşdur. Sənədin ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara, beynəlxalq təşkilatların nümayəndəliklərinə KİV-lərə göndərilməsi qərara alınmışdır.