Dünya Torpaq Günü münasibətilə Balaxanıda 80 ağac əkilib VİDEO
Bakı, 5 dekabr, Pərvanə Qafarova, Orxan Kərimov, AZƏRTAC
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, “EkoSfera” Sosial-Ekologiya Mərkəzi İctimai Birliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Dünya Torpaq Gününü “Sağlam torpaq, sağlam həyat” adlı qlobal mövzu altında Balaxanıda yerləşən Gilabi Keramika Mərkəzində birgə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən və FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin idarəçilik və idarəetmənin təkmilləşdirilməsi yolu ilə gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirin əsas məqsədi torpağın ərzaq təhlükəsizliyinin təmin olunmasında, biomüxtəlifliyin qorunmasında və iqlim dayanıqlılığının gücləndirilməsində oynadığı rola diqqət çəkmək idi. Builki tədbir FAO-nun 80 illik yubileyi ilə üst-üstə düşdüyü üçün tədbir çərçivəsində rəmzi olaraq 80 ağac əkilib.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin uşaqlar, gənclər və media olmaqla ümumilikdə 30-a yaxın iştirakçı bir araya gəlib. İştirakçılar təqdimatlar, müzakirələr və praktiki fəaliyyətlər vasitəsilə sağlam torpağın ekoloji, aqrar və mədəni əhəmiyyəti haqqında məlumat əldə ediblər. Mərkəzin daxilində qonaqlar yerli gildən istifadə olunaraq keramika hazırlanması prosesi ilə tanış olub və gil materialının torpaqdan qaynaqlandığını öyrəniblər. Həmçinin uşaqlar və gənclər FAO və “EkoSfera” ekspertlərinin rəhbərliyi ilə “Kiçik torpaq detektivləri” adlı kəşf oyunu və kompost hazırlama üzrə ustad dərslərində iştirak ediblər. Bu praktiki təcrübələr torpağın funksiyalarını, ərzaq sistemlərini necə dəstəklədiyini və biomüxtəlifliyi necə qoruduğunu daha dərindən anlamağa imkan verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO-nun və “EkoSfera”nın nümayəndələri torpağın icmaların rifahı üçün həyati əhəmiyyətə malik canlı və yaradıcı bir resurs olaraq qorunmasının vacibliyini vurğulayıblar.
FAO-nun ölkəmizdəki tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Muhammad Nasar Hayat çıxışında qeyd edib ki, Azərbaycan demoqrafik strukturu baxımından gənc ölkədir və gənclərlə iş kənd təsərrüfatının inkişafı sahəsində prioritet istiqamətlərdən biri olmalıdır. “Biz istəyirik ki, gənclər yalnız İT və ya neft-qaz sahəsində mütəxəssis olmasınlar, həm də dayanıqlı inkişafın çempionlarına çevrilsinlər. Bunun üçün onları daha məqsədyönlü şəkildə cəlb etmək və torpaq, su, yaşıllıq kimi təbii nemətlərin əhəmiyyəti barədə məlumatlandırmaq lazımdır”, - deyə o vurğulayıb.
Gənclərin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə və təbii resursların qorunmasına cəlb olunmasının vacibliyini qeyd edən Muhammad Nasar Hayat bildirib ki, torpaq Yer üzündə həyatın əsasını təşkil edir. Çünki torpaq olmadan bitki və heyvanlar aləminin mövcudluğu mümkün deyil: “Biz biomüxtəliflikdən, dayanıqlı inkişafdan, iqlim dəyişikliklərinə uyğunlaşmadan danışırıq. Lakin bu məqsədlərə torpaqların - ən mühüm təbii resursun qorunması olmadan nail olmaq mümkün deyil”, - deyə FAO nümayəndəsi vurğulayıb.
Muhammad Nasar Hayat xatırladıb ki, 2025-ci il xüsusi bir ildir, çünki Birləşmiş Millətlər Təşkilatının və FAO-nun 80 illiyi qeyd olunur: “BMT əməkdaşı olaraq ictimai xidmətin səksənillik tarixi və dayanıqlı inkişaf naminə sadiqliyimizlə qürur duyuram. Amma təkcə keçmişə baxmaq deyil, həm də irəliyə baxmaq, insanlığa xidmət missiyamızı yeniləmək və qlobal ictimaiyyətin çağırışlarına cavab vermək vacibdir”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, bu gün torpağın təkcə ekosistemlərin sağlamlığı və kənd təsərrüfatı üçün deyil, həm də xalqımızın kimliyi, ruhu və varlığı üçün müstəsna dəyərə malik olduğu bir daha xatırlanır. “Torpağı qorumadan nə sağlam ekosistem qurmaq mümkündür, nə də davamlı gələcəyi təmin edə bilərik. Torpaqların eroziyadan, çirklənmədən və iqlim dəyişmələrinin təsirindən qorunması həm ekoloji məsuliyyətdir, həm də vətənə bağlılığımızın göstəricisidir”, – deyə o vurğulayıb.
Umayra Tağıyeva qeyd edib ki, ekosistemin bərpasına yönəlmiş layihələrdə FAO-nun Azərbaycandakı fəaliyyəti əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, təşkilatın həyata keçirdiyi proqramlar yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, innovativ həllərin ekoloji problemləri aradan qaldırmasına mühüm töhfələr verir.
Nazir müavini FAO-nun Azərbaycandakı ofisinin rəhbərinə minnətdarlığını bildirib: “Uzun illərdir davam edən səmərəli əməkdaşlığa görə sizə təşəkkür edirəm. Səkkiz onillik boyunca FAO dünyada ərzaq təhlükəsizliyinə, təbii sərvətlərin qorunmasına və davamlı inkişaf məqsədlərinə misilsiz töhfə verib. Azərbaycanda görülən işlər də bu böyük missiyanın bir parçasıdır”.
“EkoSfera” Ekoloji-Sosial Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə isə bildirib: “Mərkəz olaraq artıq 25 ildir ki, ekoloji maarifləndirmə sahəsində fəaliyyət göstəririk və bu tədbirin məhz Balaxanıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Balaxanı bizim uzun illərdir ekoloji layihələr həyata keçirdiyimiz bir məkan, demək olar ki, ikinci evimizdir. Burada bu il “Bakı Abadlıq Xidməti”nin və “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin birgə təşəbbüsü ilə Ekomərkəz və Botanika bağı fəaliyyətə başlayıb”, - deyə Firuzə Sultan-zadə əlavə edib.
Gilabi Keramika Mərkəzində keçirilən “Torpaqdan sənətə” adlı ustad dərsi zamanı torpağın xammaldan sənət əsərinə necə çevrildiyi nümayiş etdirilib. Keramika üzrə praktiki məşğələlər və gil formalaşdırılması ilə iştirakçılar, o cümlədən uşaqlar torpağın dulusçuluq və mədəni irslə olan dərin əlaqəsini öz təcrübələrində hiss ediblər. “Sağlam torpaq, sağlam həyat” mövzusundan ilhamlanan keramika işlərinin sərgisi bu əlaqəni daha da önə çıxarıb.
Tədbir iştirakçıların düşüncə və təəssüratlarının bölüşülməsi, gənc iştirakçıların təşəkkürlə qeyd edilməsi və FAO-nun daha firavan, davamlı və ədalətli gələcək naminə 80 illik fəaliyyətini simvolizə edən 80 ağacın əkilməsi ilə yekunlaşıb.