Dünyada ilk dəfə yorğunluğu müəyyən edən test hazırlanıb
Bakı, 24 iyun, AZƏRTAC
İsveçrəli alimlər müəyyən ediblər ki, bir gecə yuxusuz qalmaq tüpürcəkdə xüsusi kimyəvi iz buraxır və bu izi təxminən 96 faiz dəqiqliklə aşkar etmək mümkündür. Bu kəşf sürücünün bir sutkadan artıq yatmadığını müəyyən etməyə imkan verən “yorğunluq alkotesteri”nin hazırlanmasına yol açır. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Proteome Research” jurnalında dərc olunub.
Sürix Universitetinin tədqiqat qrupu yaşı təxminən 24 olan 20 sağlam gənc kişini araşdırmaya cəlb edib. Onların hər biri təsadüfi ardıcıllıqla üç ssenaridən keçib: tam gecə yuxusu (8 saat), dörd gecə ərzində hər gecə 6 saat yatmaq (yığılan yuxu çatışmazlığı) və ardıcıl 24 saat tam yuxusuz qalmaq. Hər bir ssenari arasında ən azı bir həftəlik normal istirahət dövrü olub.
İştirakçılardan günün müxtəlif vaxtlarında tüpürcək nümunələri götürülüb. Bu nümunələr kütlə-spektrometriyası üsulu ilə təhlil edilib. Həmin üsul molekullar qarışığını kütlə və yükünə görə ayırmağa, eyni zamanda minlərlə maddəni müəyyən etməyə imkan verir. Tüpürcəkdə aşkar edilmiş altı mindən çox komponent arasından maşın öyrənməsi alqoritmi tam yuxusuzluğu dəqiq göstərən 10–12 biomarkeri seçib.
“Biz müəyyən etdik ki, kəskin yuxusuzluq tüpürcəkdəki bütün biomolekulların təxminən 10 faizinə təsir göstərir. Yorğunluğu dəqiq göstərən 10 biomarkeri müəyyənləşdirə bildik”, - deyə tədqiqatın müəllifi Mixael Şolts deyib.
Araşdırma zamanı mühüm bir məqam da üzə çıxıb, belə ki, dörd gecə ərzində hər gecə 6 saat yatmaq belə bir iz buraxmayıb. Alqoritm bu vəziyyəti normal yuxu rejimindən fərqləndirə bilməyib. Görünür, orqanizm tədricən yaranan yuxu çatışmazlığını bir sutkalıq qəfil yuxusuzluqdan fərqli şəkildə keçirir.
Tədqiqatın mühüm praktik tətbiq sahəsi də var. Bir sıra ölkələrdə 24 saat yuxusuz qaldıqdan sonra avtomobil idarə etmək təhlükəli hal kimi qiymətləndirilir, lakin hazırda bunu sübut etmək sərxoşluq halından fərqli olaraq demək olar ki, mümkün deyil. Tüpürcək testi bu sahədə obyektiv nəzarət vasitəsinə çevrilə bilər.