Əbu-Dabidə qədim və müasir ərəb modası sərgisi təşkil olunub
Əbu-Dabi, 25 dekabr, AZƏRTAC
Pandemiya şəraitində ciddi təhlükəsizlik tədbirləri həyata keçirən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət və Turizm Departamentinin təşkil etdiyi sərgidə qədim və müasir dəbdə ərəb geyimləri, bəzək əşyaları və rəsmlər nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, məşhur və ən qədim Qəsrə Əl Hüsn saray-muzeyində keçirilən moda sərgisində Birləşmiş Ərəb Əmirliklərinin tarixi prizmasından təqdim edilən geyim və aksesuarlar bu ölkənin ərazisində yaşayan insanların sadə, milli ornamentlərlə bəzədilmiş və əllə tikilmiş paltarları, nəfis və milli üslubda işlənmiş zərgərlik məmulatları nümayiş olunur. Saray-muzeyin direktoru Səlamə Əl Şəmsi jurnalistlərə bildirib ki, eksponatların arasında tarixi ərəb dəbi ilə yanaşı, müasir moda ilə sintez təşkil edən geyimlər ziyarətçilərin marağına səbəb olub. Onun sözlərinə görə, bu sənət nümunələri Əmirliklərin formalaşdığı son 40 il ərzində moda tendensiyasında baş verən dəyişiklikləri də əks etdirir.
Neft bumundan sonra qlobal ticarət mərkəzlərindən birinə çevrilən BƏƏ müasir moda sənayesinin də mühüm məkanı olub. Sərgidə Əmirliklərin şeyxlərinin ailə üzvlərinin də geyim və məişət əşyaları yer alıb. BƏƏ-də “millətin anası” adlanan Şeyxa Fatima bint Mübarəkin təqdim etdiyi boyunbağı və çadra sərginin ən qiymətli eksponatları arasındadır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi