Əcnəbilərin maarifləndirmə tədbirləri uğurla davam etdirilir
Naxçıvan, 26 iyun, AZƏRTAC
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir təşkil edilib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən xidmətin əməkdaşı Elnur Zellabdinov bildirib ki, muxtar respublikada sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, mükəmməl təhsil sistemi, yeni müəssisələrin və iş yerlərinin açılması, investisiya qoyuluşlarının, eyni zamanda, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişə və bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əcnəbilərin diyarımıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini daha da artırır. Bu baxımdan muxtar respublikada miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barədə ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar nəzərdə tutulub. Təbii ki, bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər barədə də geniş məlumatlar verilib.
Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda, miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan miqrantların muxtar respublikada təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquq və vəzifələri, o cümlədən miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da daim diqqətdə saxlanılan prioritet məsələdir.
Əcnəbilərin tədbirdə çıxışları, təqdim edilən slaydları daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində səsləndirmə olub. İştirakçılara xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb. Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Maarifləndirmə tədbirinin yekununda əcnəbilərin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyaları təşkil olunub. Bələdçi tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, mərkəzdə əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar. Burada tənəffüs orqanları xəstəliklərini uğurla sağaltmaq mümkündür. Mağarada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Həmçinin mərkəzdə yerli və əcnəbi turistlərin rahatlığı üçün müxtəlif istirahət guşələri də mövcuddur.
Ekskursiya zamanı Duzdağ Fizioterapiya Mərkəzilə yaxından tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.