ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizdə məhkəmə və ədliyyə sistemlərinin inkişafı üzrə aparılan islahatlara böyük maraq göstərən Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna Douset Koirolo ilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov arasında keçirilmiş görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mühüm işlər və nəzərdə tutulan əlavə tədbirlər barədə qonağa məlumat verilmişdir. Qeyd olunmuşdur ki, son illər ərzində 25 yeni məhkəmə binası istifadəyə verilmiş, 30-dan çox binada əsaslı təmir işləri aparılmışdır. İslahatlar çərçivəsində yeni məhkəmələrin təsis edilməsi və hakimlərin sayının artırılması ilə bağlı əlavə binaların inşası, mövcud binaların isə yenidən qurulması və müvafiq avadanlıqla təchizatı üçün xeyli maliyyə vəsaitinin tələb olunması nəzərə alınaraq, Dünya Bankı tərəfindən maliyyə və texniki yardım göstərilməsi üzrə təkliflər hazırlanmışdır.
Xanım D.Koirolo Azərbaycanda məhkəmə-hüquq islahatının uğurla davam etdirilməsini razılıqla qarşılayaraq, bu sahədə görülən mütərəqqi tədbirləri yüksək qiymətləndirmiş, vakant hakim vəzifələrinə namizədlərlə test imtahanlarının ən demokratik və şəffaf qaydalar əsasında, tam obyektiv keçməsi münasibətilə F.Məmmədovu təbrik etmiş və maliyyə dəstəyinə dair təkliflər ətraflı müzakirə olunaraq, Azərbaycanın ehtiyacları nəzərə alınmaqla daha da təkmilləşdirilməsi barədə razılığa gəlinmişdir.