ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir F.Məmmədov ona ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, hüquqi və digər sahələrdə aparılan mütərəqqi islahatlar barədə ətraflı məlumat verərək demişdir ki, respublikamız dünya dövlətləri ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verir. Nazir Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun mayın 10-12-də Azərbaycana ilk rəsmi səfərinin, dövlətimizin başçısı İlham Əliyevlə aparılmış danışıqların və imzalanmış sənədlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.
Fikrət Məmmədov 2004-cü ilin sentyabrında Seulda Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü kimi təşkilatın illik konfransında iştirakını və gənc demokratik dövlətlərdə hüquqi islahatlara dair əsas məruzə ilə çıxış etdiyini, səfər çərçivəsində Koreya Respublikasının ədliyyə naziri və baş prokuroru ilə səmərəli görüşlər keçirdiyini, ölkənin məhkəmə-hüquq sistemi ilə tanışlığından məmnun qaldığını, eyni zamanda onun dəvəti ilə Koreyanın ədliyyə naziri müavininin Azərbaycana səfərini xatırlamış, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin və hüquqi sahədə müqavilə bazası yaradılmasının zəruriliyindən danışmış, koreyalı həmkarını respublikamıza səfərə dəvət etmişdir.
Koreya Respublikasının Azərbaycan ilə hərtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən diplomat, ölkəmizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi cəhətdən sürətli inkişafını məmnunluqla qeyd edərək, dövlətlərimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin hüquqi sahədə, o cümlədən ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri, məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi sahəsində ölkələrimizdə görülən tədbirlərlə bağlı təcrübə və fikir mübadiləsi aparılmışdır.