Edvard Rou: Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrinin dərinləşməsində maraqlıyıq
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə QMİ sədri Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq Günü ilə bağlı keçirilən beynəlxalq konfransı xatırlayıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına builki səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər.
Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarında yaxından iştirak etməsini yüksək dəyərləndirən Allahşükür Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyətin - müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı, kilsələri və digər məbədləri bərpa edir. Həmçinin Allahşükür Paşazadə görüşdə iştirak edən, yeni təyinat almış din xadimi - Şuşada bərpa olunmuş Yuxarı Gövhər Ağa məscidinin imamı Mirabdulla Həsənlini qonaqlara təqdim edib.
Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını deyən Stirlinq Fondunun prezidenti Edvard Rou ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Allahşükür Paşazadəni Yuta ştatına bir daha səfərə dəvət edən amerikalı qonaq QMİ sədrini bölgədə, postsovet məkanında, ümumən dünyada tanınan müdrik dini lider kimi səciyyələndirib. E.Rou Şuşadakı məscidin fəaliyyətini bərpa etməsini gözəl hadisə kimi dəyərləndirib və yeni imamı təbrik edib.
Görüşdə, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da iştirak edib.
Sonda birgə xatirə fotosu çəkdirilib.