ƏFSANƏVİ MEKSİKA EHRAMINDA BAŞLARI KƏSİLMİŞ CƏSƏDLƏR TAPILMIŞDIR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, Meksikanın paytaxtı Mexikonun 50 kilometrliyində yerləşən və Amerika ərazisində salınmış ilk şəhər sayılan Teotiuakanda (Allahların məskəni) qazıntı işləri aparan arxeoloqlar 12 insan və onlarca heyvan cəsədi aşkara çıxarmışlar. Cəsədlərin 10-nun başları kəsilmiş, qalan iki cəsədin bədəni insanın çənə sümüklərindən hazırlanmış muncuqlarla bəzədilmişdi. Arxeoloq Saburo Siquyamanın fikrincə, qazıntılar qədim Amerika tarixinin Allahlara son dərəcə qəddar şəkildə qurbanlar kəsildiyi ən dəhşətli məqamlarından birini sübut edir.
Asteklər eramızdan əvvəl 1500-cü ildə Teotiuakanı tapanda, şəhər bir neçə əsr idi ki, tərk edilmiş və xarabalığa dönmüşdü. Şəhərin hansı sivilizasiya tərəfindən salındığı indiyədək məlum deyildir. Asteklər şəhəri “insanların Allahlara çevrildiyi yer” adlandırmış və müasir insanların əcdadları sayılan nəhənglər irqinə aid etmişlər. Əfsanəyə görə, asteklərin zəhmli hökmdarı Montesuma guya böyük ehramların zirvəsində yaşayan Ay və Günəş Allahlarına qurban kəsmək məqsədi ilə dəfələrlə ölü şəhərə ziyarətə gəlmişdi.
Eramızdan əvvəl 700-cü ildə şəhər dəhşətli yanğın nəticəsində birdən-birə boşalmışdı. Siquyamanın fikrincə, şəhər gücə sitayiş rəmzi olaraq salınmışdır.
Şəhərin əsas memarlıq abidələrinin yerləşdiyi mərkəzi hissəsinin uzunluğu 2,5 kilometr, eni isə təqribən bir kilometrdir. Teotiuakanı şimaldan cənuba uzun və geniş Kalye de Los Muertos, yaxud Ölülər yolu (adlar şərtidir) küçəsi kəsib keçir. Onun şimal tərəfində çiy kərpicdən tikilmiş və daş üzlük çəkilmiş nəhəng Ay Ehramı (hündürlüyü 42 metr) yerləşir. Ehram konstruksiyasına və görkəminə görə Günəş Ehramının eynidir. Bu nəhəng ehramın hündürlüyü 64,5 metr, tərəflərinin uzunluğu müvafiq olaraq, 211, 207, 217 və 209 metr, ümumi həcmi isə 993 min kubmetrdir. Hesablamalara görə, ehramı 20-30 il ərzində azı 20 min adam tikmişdir.