ƏGƏR ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ SÜLH YOLU İLƏ HƏLL OLUNMASA, BİZ ÖZ SÖZÜMÜZÜ DEYƏCƏYİK
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir qonağı salamladıqdan sonra qeyd etmişdir ki, siz artıq Ermənistanda və Azərbaycanda bir çox görüşlər keçirmiş, yəqin ki, həqiqətin və yalanın harada olduğunu müəyyən etmisiniz. Avropa Şurası Parlament Assambleyasının münaqişənin həlli ilə məşğul olması bizi məmnun edir.
Qonaq qəbul üçün təşəkkür edərək, Ermənistana və Dağlıq Qarabağa səfəri haqqında məlumat vermişdir. O, atəşkəs dövründə qoşunların təmas xəttində baş verən hadisələr ilə maraqlanmış, Dağlıq Qarabağda erməni qaçqınlar ilə görüşdüyünü bildirmişdir.
Bu barədə məruzəçiyə məlumat verən general-polkovnik Səfər Əbiyev demişdir ki, bu gün Ermənistan-Azərbaycan münasibətləri həddindən artıq gərgindir. Siz Azərbaycanda qaçqınlarla görüşmüş və onların ağır vəziyyəti ilə tanış olmusunuz. Dağlıq Qarabağda erməni qaçqınları ola bilməz. Bu gün orada 40 minə yaxın insan yaşayır. İndi orada yaşayanlar son bir neçə il ərzində Ermənistandan, Rusiya Federasiyasının Krasnodar vilayətindən və digər yerlərdən köçürülmüşlər. Onlar Azərbaycanın işğal olunmuş Laçın və digər rayonlarında da yerləşdirilir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşma siyasəti yeridir.
Terri Devis indi orada çox az adamın olduğunu, evlərin çoxunun dağıdıldığını, həm Şuşada, həm də Xankəndidə çoxlu boş ev gördüyünü bildirərək, “Mənim üçün çox maraqlıdır, Azərbaycan Dağlıq Qarabağda hakimiyyətini bərpa etdikdən sonra oradakı əhalinin təhlükəsizliyini necə təmin edəcəkdir” sualını vermişdir.
Nazir cavabında demişdir ki, onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunları ilə yaşamalıdırlar. Buna riayət etməyənlər qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan Dağlıq Qarabağı və işğal olunmuş ətraf rayonları öz ərazisi hesab edir. Əgər bu məsələ tezliklə danışıqlar yolu ilə həll olunmasa, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişənin həllində ikili standartların mövcud olması Azərbaycanı başqa yol seçməyə vadar edir. Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnamənin və Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini yerinə yetirməmişdir. Bu, bizi narahat edir. Heç kim Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasını tələb etmir. Bir az da gözləyəcəyik. Əgər münaqişə həllini tapmasa, Azərbaycan öz qəti sözünü deyəcəkdir. Bizə deyirlər ki, məsələni özünüz həll edin. Biz bu ədalətsiz prinsipi qəbul edə bilmərik. Çünki işğalçı dövlət işğal etdiyi torpaqları heç zaman xoşluqla boşaltmayacaqdır.
AŞPA-nın məruzəçisi demişdir ki, bu, siyasi məsələdir və münaqişənin həllinə beynəlxalq ictimaiyyət vaxtında yetərincə diqqət yetirməmişdir. Mən bunları öz məruzəmdə bildirəcəyəm. Azərbaycan Avropa Şurasına qəbul olunarkən öz üzərinə münaqişənin dinc yolla həlli barədə öhdəlik götürmüşdür.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyə əməl edir. Ancaq Azərbaycan xalqının səbri hüdudsuz deyildir. Azərbaycan üçün müharibə bitməyib. Məsələnin həllində Avropa Şurası da öz ədalətli mövqeyini bildirməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin yalnız danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bəyan edən Terri Devis demişdir ki, mən vasitəçi yox, məruzəçi kimi hər iki tərəfin mövqeyini bildirəcəyəm. Məni hər iki tərəfdən olan qaçqınların taleyi, vəziyyəti çox qayğılandırır və döyüş əməliyyatları başladığı təqdirdə yeni qurbanların taleyi düşündürür. Bütövlükdə müharibənin əleyhinəyəm və bu mövqeyim çox möhkəmdir.
Ölkəmizin müdafiə naziri qonağa müraciətlə demişdir ki, sizin borcunuz məruzədə mövcud olan vəziyyətlə bağlı haqqı və ədaləti rəhbər tutmaqdır. Biz inanırıq ki, siz obyektiv diplomatsınız. Azərbaycan torpaqları işğalçı Ermənistan dövləti tərəfindən zəbt edilmişdir. Azərbaycan torpaqları tezliklə azad olunmalıdır. Bunu heç kim inkar edə bilməz. Biz 1 milyon qaçqın və köçkün vətəndaşımızın taleyini 40 min erməninin taleyinə dəyişə bilmərik. Bir də ki, işğalçı Ermənistan heç zaman danışıqlara getməyəcəkdir. Çünki bu dövlətin indiki rəhbərliyi Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatının liderləridir. Onlar münaqişənin dinc yolla həllinə razılıq versələr, siyasi karyeralarına son qoyulacaqdır. Onlar çalışacaqlar ki, Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana birləşdirsinlər. Bu isə müharibənin başlanması deməkdir. Buna görə də Azərbaycanla Ermənistanı eyni tərəzinin gözünə qoymaq olmaz. İnanırıq ki, siz bizim dediklərimizi nəzərə alacaqsınız və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yardım göstərəcəksiniz.
Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin rəhbəri Səməd Seyidov iştirak etmişdir.