ƏHALİNİN İQTİSADİ FƏALLIĞINA VƏ SOSİAL-İQTİSADİ MÜDAFİƏSİNƏ DAİR ARAŞDIRMALARIN NƏTİCƏLƏRİ ELAN OLUNMUŞDUR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, bu araşdırmalar ötən il mayın 7-dən iyunun 6-dək Azərbaycanda BMT-nin İnkişaf Proqramının maliyyə yardımı ilə və Beynəlxalq Əmək Təşkilatının “Azərbaycana əmək statistikası və regional inkişaf sahəsində texniki yardım” layihəsi çərçivəsində keçirilmişdir.
Statistika Komitəsinin sədri vəzifəsinin səlahiyyətlərini icra edən Arif Vəliyev, BMT-nin rezident əlaqələndiricisi Marko Borsotti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov və digər çıxış edənlər əhalinin iqtisadi fəallığının və sosial müdafiəsinin seçmə araşdırmalarının nəticələri haqqında ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, əmək bazarının vəziyyəti haqqında məlumat toplamağın bu metodundan istifadə Azərbaycanda iqtisadi sistemin yenidən qurulması ilə əlaqədardır. Bu araşdırmanın iqtisadi nöqteyi-nəzərdən başlıca məqsədi Azərbaycanda əmək yararlığı cəhətdən fəal əhalinin sayı və tərkibi haqqında daha ətraflı məlumat əldə etməkdir.
Azərbaycanın 87 şəhər və rayonunda aparılmış araşdırmalar əhalinin demoqrafik xarakteristikası, sosial-iqtisadi müdafiəsi, gəlirlərin və peşə vərdişlərinin səviyyəsi, əmək bazarının təhlükəsizliyi, sosial ədalət və digər məsələləri əhatə etmişdir. Ölkəmizdə ilk dəfə olaraq müşahidələr ev təsərrüfatlarında da aparılmışdır ki, bu da insanların iqtisadi fəallığı və onların üzləşdiyi problemlər barədə ətraflı təsəvvür yaratmağa imkan vermişdir.