SİYASƏT
Əhməd Sami Elaydi: Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir
Bakı, 16 mart, Ceyhun Alışlı, AZƏRTAC
Bu gün Azərbaycanda uğurla keçirilən V Qlobal Bakı Forumu çox mühüm tədbirdir. Forumda dünyanın hər bir regionundan tanınmış simalar - siyasətçilər, diplomatlar, media nümayəndələri və digər qurumları təmsil edən şəxslər iştirak edirlər. Dünyanın həssas bir dövründə Azərbaycanın belə bir mötəbər foruma ev sahibliyi etməsi onun dünyada artan nüfuzundan xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi səsləndirib.
Dünyanın üzləşdiyi problemlərin müzakirəsi üçün belə tədbirlərin əhəmiyyətinə toxunan Ə.S. Elaydi bildirib ki, bu forum, həm də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkənizin haqq işini bir daha dünyaya çatdırır.