Ekspert: Uzunmüddətli perspektivdə qızıl sabit investisiya alətlərindən biri hesab edilir
Bakı, 23 iyul, AZƏRTAC
Dünya bazarlarında qeyri-sabitlik, ABŞ dollarına təzyiq və maliyyə bazarlarında risklər artdıqda investorlar daha çox qızıla üstünlük verirlər. Son dövrdə isə ABŞ dollarının məzənnəsinin yüksək səviyyədə qalması və ABŞ-də faiz dərəcələrinin yüksək olması investorların qızıla marağını nisbətən azaldıb. Bu şəraitdə onlar daha çox gəlirlilik vəd edən digər maliyyə alətlərinə yönəlirlər.
İqtisadçı-ekspert Emin Qəribli AZƏRTAC-a açıqlamasında bildirib ki, dolların məzənnəsi zəiflədikdə və maliyyə bazarlarında qeyri-sabitlik artdıqda qızıla tələbat yüksəlir.
“Hazırkı şəraitdə isə bu amillərin təsiri nəticəsində qızılın qiymətində müəyyən azalma müşahidə olunur. Uzunmüddətli perspektivdə qızıl yenə də ən etibarlı və sabit investisiya alətlərindən biri hesab edilir. Yaxın Şərqdə, xüsusilə İran ətrafında vəziyyətin müəyyən qədər sabitləşməsi, eləcə də ABŞ iqtisadiyyatına və Amerika dollarına inamın artması da qızılın qiymətinə təsir göstərən amillər sırasındadır. Dünya iqtisadiyyatında volatillik artdıqda, ABŞ dollarına, səhm və kriptovalyuta bazarlarına təzyiq gücləndikdə investorlar ənənəvi olaraq yenidən qızıla üz tuturlar. Əksinə, maliyyə bazarlarında gəlirlilik yüksəldikdə və risklər azaldıqda isə investorlar qızıldan daha çox digər gəlirli investisiya alətlərinə üstünlük verirlər”, - deyə Emin Qəribli əlavə edib.