Əlcəzairdə Rauf Hacıyevə həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki səfirliyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Rzayevanın “Azərbaycanın görkəmli bəstəkarları silsiləsindən” qələmə aldığı, bəstəkar və siyasi-ictimai xadim Rauf Hacıyevə həsr olunmuş kitab-monoqrafiyanın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əlcəzairin tanınmış siyasi və ictimai xadimləri, mədəniyyət nümayəndələri, media təmsilçiləri, eləcə də xarici ölkələrin səfirləri və diplomatik korpusun üzvləri iştirak ediblər.
Kitabda Rauf Hacıyevin zəngin yaradıcılıq irsindən bəhs edilir, onun Əlcəzairdə fəaliyyət göstərdiyi dövr geniş şəkildə təhlil olunur. Müəllif bu dövrdə bəstəkarın Əlcəzair musiqisinə verdiyi töhfələri, ölkənin musiqi irsindən bəhrələnərək yaratdığı əsərləri ətraflı işıqlandırıb.
Qeyd olunub ki, Rauf Hacıyev Əlcəzairin ilk üç baletinin (“Üç inqilab”, “Alov” və “Hürriyyə”) əsərlərinin müəllifidir. Bəstəkar bu əsərlərdə Əlcəzairin folklor nümunələrindən, milli melodiyalarından və nubalardan ustalıqla istifadə edib. 1970-ci illərdə Əlcəzairin müxtəlif bölgələrini gəzərək xalq musiqisini toplayan Rauf Hacıyev həmin musiqi çalarlarını öz yaradıcılığında böyük məharətlə əks etdirib.
Təqdimat mərasimi iştirakçıları Rauf Hacıyevin Azərbaycan və Əlcəzair mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını, onun yaradıcılığının iki xalq arasında dostluq körpüsü qurduğunu vurğulayıblar.
Tədbir haqqında məlumat Əlcəzairin nüfuzlu xəbər portallarında geniş işıqlandırılıb.