Elçin Cəfərov: Güləşçilərimiz qələbələri ilə Azərbaycan idmanının inkişafına töhfə verirlər
Bakı, 21 dekabr, Leyla Qurbanova, AZƏRTAC
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçib. Hər iki növ üzrə 200-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli və Rəsul Çunayevdən başqa bütün pəhləvanlarımız birincilikdə qüvvələrini sınadılar. Gənc güləşçilərimizin bəziləri ümidləri doğrultdu. Çempionatın nəticələrinə əsasən yeniyetmə, gənc və böyüklərdən ibarət komandaların tərkibini tam müəyyənləşdirdik. Təqdirəlayiq haldır ki, hər çəki dərəcəsində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edə biləcək bir neçə idmançımız var. Komandamız bu il olduğu kimi, gələn il də böyük qələbələr qazanmaq əzmindədir.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləş üzrə ölkə çempionatının nəticələrini AZƏRTAC-a şərh edərkən deyib.
Cari ilin güləşçilərimiz üçün uğurlu olduğunu vurğulayan E.Cəfərov deyib: “Yığma komandamızın bu il əldə etdiyi nailiyyətlər arasında yeniyetmələrin nəticələrini xüsusi vurğulamaq istəyirəm. Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iki güləşçimiz iştirak edirdi. Onların hər ikisinin medal qazanması aşağı yaş qruplarında güclü potensialın olduğunu göstərir. Olimpiadada Turan Bayramovun qazandığı qızıl medal komandamız üçün uğurlu nəticədir. Kişilərin yarışında çempion olması onun böyük gələcəyindən xəbər verir. Yeniyetmə pəhləvanlarımız, eyni zamanda, Avropa və dünya birinciliklərində mühüm nailiyyətlər qazanıblar. Gənclərdən ibarət yığma komandalarımızın nəticələri xüsusilə diqqətəlayiqdir.
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmalarımız ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil ediblər. Azərbaycan Güləş Federasiyası pəhləvanlarımızın daha çox nailiyyət əldə etmələri üçün mühüm tədbirlər həyata keçirir. Dünya çempionatını idmançılarımızın beş medalla başa vurması yığmamızın yüksək potensialından xəbər verir”.
Gələn il də pəhləvanlarımızdan qələbələr gözlədiklərini bildirən vitse-prezident qeyd edib: “2019-cu ildə Almatıda keçiriləcək dünya çempionatında ilk beşlikdə yer alan güləşçilər Tokio Olimpiadasına lisenziya qazanacaqlar. Yanvarın əvvəlindən yığmamızın üzvləri təlim-məşq toplanışlarına qatılacaqlar. Gələn il güləşçilər üçün ciddi sınaq ili olacaq. Minskdə ikinci Avropa Oyunları xüsusilə diqqətdə saxlanılır. Bu yarışlarda yığmamızın maksimum nəticə qazanacağına ümid edirik. Əminik ki, pəhləvanlarımız öz qələbələri ilə Azərbaycan idmanının inkişafına mühüm töhfə verəcəklər”.