İDMAN
Elçin Səfərov: Avropa Oyunlarında iştirak edəcək idmançılar iyunun 8-dən etibarən Bakıya gələcəklər
Bakı, 6 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının Atletlər kəndində mühafizə yüksək səviyyədə təşkil edilib. Burada sürətli internet vardır. Atletlər kəndində poliklinika, camaşırxana, kafe, Azərbaycan milli yeməkxanası, istirahət mərkəzi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Atletlər kəndində yaradılan şəraitlə və görülmüş işlərlə bağlı müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.
E.Səfərov bildirib ki, Atletlər kəndi Olimpiya Oyunlarındakı bu qəbildən kəndlərdən daha yaxşı standartları və yeniliklərinə görə fərqlənir. İdman tədbirlərində ilk dəfə olaraq atletlərdən müsahibə almaq üçün xüsusi “İ zona” fəaliyyət göstərəcək. Bu, media nümayəndələri üçün rahatlıq yaradacaq. Atletlər kəndinin ərazisi kifayət qədər böyükdür. Hər bir idmançının otağında internetə çıxışı ödənişsiz olacaq.
Atletlər kəndində idmançılar və nümayəndə heyətləri üçün yüksək şərait yaradıldığını qeyd edən E.Səfərov burada media mərkəzinin də fəaliyyət göstərdiyini deyib. Diqqətə çatdırılıb ki, Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn xarici jurnalistlər Media kəndində yerləşdiriləcəklər. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Jurnalistlər Media kəndindəki dörd binada qalacaqlar. Jurnalistlərin və atletlərin idman obyektlərinə getmələri üçün Atletlər və Media kəndlərinə xidmət göstərəcək nəqliyyat çox rahat olacaq.
E.Səfərov qeyd edib ki, “Bakı-2015”-də yarışmaq üçün ölkəmizə 6200 nəfərədək idmançının gələcəyi gözlənilir. Onlar iyunun 8-dən ölkəmizə gələcəklər. İdmançılar və nümayəndə heyətləri Heydər Əliyev Beynəlxalq Hava Limanında olan birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları və könüllülər tərəfindən qarşılanaraq Atletlər kəndinə gətiriləcəklər. Onları hər bir ölkənin milli olimpiya komitəsinin (MOK) nümayəndələri müşayiət edəcəklər. MOK-ların nümayəndələri üçün də Atletlər kəndində hər cür şərait yaradılıb. Həmin nümayəndələr inzibati binada xüsusi ofis götürərək fəaliyyət göstərirlər.
Korporativ direktor deyib ki, Atletlər kəndində böyük yeməkxana 24 saat fəaliyyət göstərir. Burada açıq voleybol və tennis meydançaları, üzgüçülük hovuzu, məşq zalı və əyləncə mərkəzi mövcuddur.
E.Səfərov Səhiyyə Nazirliyinin dəstəyi ilə kənddə böyük poliklinikanın fəaliyyət göstərdiyini və orada bütün lazımi avadanlıqların quraşdırıldığını, idmançılara yüksək səviyyədə xidmət göstəriləcəyini vurğulayıb.
BAOƏK-in korporativ direktoru artıq beş ölkədən nümayəndə heyətinin Bakıya gəldiyini qeyd edib. Diqqətə çatdırıb ki, bunlar texniki heyətlərdir. Onlar burada idmançılar üçün yaradılan şəraitlə tanış olurlar.