Əli Əhmədov: Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olacağıq
Bakı, 22 fevral (AZƏRTAC). Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir. O bildirmişdir ki, fevralın 22-də YAP-ın təşkilatçılığı ilə keçirilmiş “dəyirmi masa”nın da məqsədi ondan ibarət idi ki, Xocalı faciəsini dünyaya tanıtmaq istiqamətində ötən 20 ildə görülmüş işlərə və bu sahədə qarşıda duran vəzifələrə nəzər yetirək. Ümumi məqsədimiz isə erməni cəlladlarının Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir. Çətinliklərə baxmayaraq istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılmışdır.
Ə.Əhmədov vurğulamışdır ki, Milli Məclisin parlamentlərarası işçi və dostluq qruplarının üzvləri bundan sonra bütün görüşlərində Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi məsələsini qaldıracaqlar. Hesab edirəm ki, səylərimiz nəticəsiz qalmayacaqdır.