İQTİSADİYYAT
Əlilliyi olan şəxsə baxan valideynə hansı vergi güzəşti tətbiq olunur?
Bakı, 30 oktyabr, AZƏRTAC
Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə, əlil şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin - himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən aylıq gəlirindən vergi tutulması 200 manat məbləğində azaldılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerində (əmək kitabçası olduğu yerdə) həyata keçirilir:
- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti:
- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahəsinin, yaxud icra hakimiyyəti nümayəndəliyinin arayışları;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
- övladlığa götürmə barədə məhkəmə qərarının surəti.