ELİZABET CONS: AVRASİYAYA YARDIM PROQRAMLARI ABŞ-IN MİLLİ MARAQLARINA XİDMƏT EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, E.Consun sözlərinə görə, xarici hərbi maliyyələşmə, beynəlxalq hərbi təhsil və təlim, habelə könüllü sülhməramlı əməliyyatlar proqramı vasitəsilə verilən yardım ABŞ-a terrorla müharibədə müttəfiqlər qazanmağa və NATO-nun yeni müttəfiqlərinin hazırlığını möhkəmlətməyə səbəb olur. Sabiq sovet respublikalarına yardımın faydasından danışan dövlət katibinin müavini, Azərbaycan da daxil olmaqla, Avrasiya bölgəsinin 24 ölkəsinin İraq, Əfqanıstan və Kosovada aparılan əməliyyatların fəal tərəfdarı olduğunu, bəzi ölkələrin isə sülhməramlı qüvvələrdə iştirakını vurğulamışdır.
Elizabet Cons Avrasiya bölgəsində ABŞ-ın xarici siyasət maraqlarını təmin etmək üçün yardım proqramlarını dörd əsas istiqamətə yönəltməyin zərurətindən danışmışdır: yerli hərbi qüvvələrin təhsil və təlimi, demokratik proseslər və vətəndaş cəmiyyətinin formalaşması, sahibkarlar sinfi yaradılmaqla iş yerlərinin çoxalması və narkotik maddələrin dövriyyəsi, insan alveri, QİÇS və sair transmilli təhlükələrin qarşısının alınması.
Senatın Xarici əlaqələr komitəsində çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (BİA) bölgəmiz üzrə inzibatçı müavini Kent Hill 11 sentyabr terror aktlarından sonra Qafqaz və Mərkəzi Asiyanın ABŞ üçün əhəmiyyətinin xeyli artdığını xatırlatmışdır. Onun sözlərinə görə, nəhəng neft və qaz ehtiyatlarının olması bölgənin əhəmiyyətini bir qədər də artırır. Təkcə Azərbaycan və Qazaxıstanın neft ehtiyatlarının həcmi ABŞ-ın bütün neft ehtiyatlarından azacıq aşağıdır. Kent Hill Cənubi Qafqazda həll edilməmiş münaqişələrin və beynəlxalq terror təhlükəsinin mövcudluğunu da vurğulamışdır.
Senatın Xarici əlaqələr komitəsinin dinləmələrində sədrlik edən Virciniya ştatının təmsilçisi, ermənipərəst senator Corc Allen çıxış edən hökumət nümayəndələrinə Ermənistanla müqayisədə Azərbaycana hərbi yardımın artmasından narazılığını bildirmişdir. Onun sözlərinə görə, hərbi yardımda tarazlığın saxlanılmaması Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi təhlükə altına alır. 2005-ci maliyyə ilində hökumətin Konqresdən Azərbaycana 8,75 milyon dollar, Ermənistana isə cəmi 2,75 milyon dollar hərbi yardım istəməsi münaqişədə ABŞ-ın tərəf tutması kimi yozula bilər. Buna cavab olaraq dövlət katibinin müavini Elizabet Cons bildirmişdir ki, hər iki ölkəyə ayrılacaq hərbi yardım Ermənistan və Azərbaycanın İraqda müvafiq iştirakının dəstəklənməsinə sərf ediləcəkdir.