ELMİ-MARAQ TURİZMİNƏ DAİR LAYİHƏ MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Azərbaycanda elmi-maraq turizmi marşrutlarının yaradılması” proqramı çərçivəsində “Babaların zəfər və şəhadət yolu” layihəsinin müzakirəsi keçirilmişdir.
AZƏRTAC vəbər verir ki, layihənin müzakirəsində Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Mahir Tahirov, proqramın müəllif-əlaqələndiricisi Qurban Dostəlizadə, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqının sədri Saqib Həsənov, Gənclər, İdman və Turizm Nazirliyi xarici turizm şöbəsinin müdiri Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Fəthi Gədikli, arxeoloq Rəfael Əhmədov çıxış etmişlər. Layihə çərçivəsində 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz türk-islam ordusunun erməni işğalçılarının zülmünə məruz qalmış Azərbaycan xalqının köməyinə gəlməsi və həmin ordunun döyüş yolunun və digər tarixi yerlərin turizm marşrutlarına daxil edilməsi, bütün bunların gənclərin tərbiyəsində rolu və əhəmiyyəti məsələləri müzakirə edilmişdir.