Elmi müəssisənin əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları barədə təlimatlandırılıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin kollektivi fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə insanların zəruri davranış qaydaları barədə təlimatlandırılıb. İnstitutun yanğından müdafiə dəstəsinin üzvü Natiq Allahverdiyev Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə ilə bağlı işini yüksək qiymətləndirərək, hər bir müəssisənin bu istiqamətdə məsuliyyətli şəkildə fəaliyyət göstərməsini xüsusi qeyd edib. İstər müharibə, istərsə də dinc şəraitdə əhalinin müdafiəsinin başlıca vəzifə olduğu vurğulanıb.
Tədbirin sonunda fövqəladə hallar zamanı görülən işləri əks etdirən videoçarxlar nümayiş olunub.