Elmi olimpiadaların gələcəyi ümumi təhsildə formalaşan bazadan asılıdır
Bakı, 14 yanvar, AZƏRTAC
Müasir dünyada ölkələrin rəqabət üstünlüyü təkcə iqtisadi və hərbi resurslarla deyil, eyni zamanda, insan kapitalının keyfiyyəti ilə müəyyən olunur. Bu kapitalın formalaşmasında təhsil sistemi, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə əldə edilən nəticələr həlledici rol oynayır. Son onilliklərdə Çin məktəblilərinin beynəlxalq elmi və akademik olimpiadalarda nümayiş etdirdiyi yüksək nəticələr təsadüfi deyil. Bu uğur sistemli, uzunmüddətli və elmi əsaslara söykənən təhsil siyasətinin məhsuludur.
Azərbaycan istedadlı şagird potensialına malik olsa da, bu potensialın kütləvi şəkildə reallaşdırılması və davamlı nəticələrə çevrilməsi baxımından hələ inkişaf mərhələsindədir.
Bu barədə AZƏRTAC-a açıqlamasında akademik təhsil olimpiadalarının Azərbaycan üzrə nümayəndəsi, “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə bildirib.
Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) qiymətləndirməsi müxtəlif ölkələrin təhsil sistemlərinin müqayisəsi üçün etibarlı və neytral istinad mənbəyi kimi qəbul olunur. X.İbrahimzadə qeyd edib ki, PISA-nın əsas üstünlüyü şagirdlərin yalnız kurikulum çərçivəsində əldə etdikləri bilikləri deyil, həmin bilikləri real həyat situasiyalarında tətbiq etmək, məntiqi əsaslandırma aparmaq və mürəkkəb problemləri həll etmək bacarıqlarını ölçməsidir. Bu yanaşma elmi və akademik olimpiadalar üçün zəruri olan intellektual bazanın real vəziyyətini obyektiv şəkildə qiymətləndirməyə imkan verir.
O, PISA 2022 nəticələrinə istinad edərək bildirib ki, Bakı şəhəri üzrə riyaziyyat sahəsində şagirdlərin yalnız 38 faizi minimum funksional səriştə səviyyəsi hesab olunan Level 2 həddinə çata bilib. Bu göstərici OECD ölkələrinin orta nəticələri ilə müqayisədə xeyli aşağıdır və şagirdlərin mühüm bir hissəsinin riyazi anlayışların tətbiqi, analitik düşünmə və çoxmərhələli problem həlli sahələrində çətinliklərlə üzləşdiyini göstərir. Sözügedən nəticələr təhsil sistemində mövcud müsbət tendensiyaları inkar etməsə də, yüksək akademik hazırlıq tələb edən istiqamətlər, o cümlədən beynəlxalq elmi olimpiadalar üçün möhkəm və geniş bazanın hələ tam formalaşmadığını ortaya qoyur. Bu kontekstdə potensialı olan şagirdlərin bir qisminin erkən mərhələdə sistemdən kənarda qalması riski müşahidə olunur.
X.İbrahimzadə Çinlə aparılan müqayisələr zamanı PISA 2022 çərçivəsində materik Çin üzrə nəticələrin tam şəkildə açıqlanmadığını və yalnız OECD tərəfindən rəsmi dərc edilmiş göstəricilərin əsas götürülməli olduğunu vurğulayıb. Bu baxımdan Honkonq və Makao bölgələri obyektiv müqayisə üçün etibarlı nümunə kimi çıxış edir. Mövcud rəsmi məlumatlara əsasən, Makao bölgəsində riyaziyyat üzrə orta nəticə 552 bal təşkil edir və şagirdlərin 92 faizi minimum səriştə səviyyəsini aşır. Honkonqda isə riyaziyyat üzrə orta göstərici 540 bal olaraq qeydə alınıb. Bu nəticələr göstərir ki, Çin modelində yüksək nəticə nümayiş etdirən bölgələrdə şagirdlərin böyük əksəriyyəti ümumi təhsil mərhələsində funksional riyazi savadlılıq səviyyəsini keçərək daha dərin analitik və akademik hazırlıq üçün zəruri baza əldə edir.
“Beynəlxalq müqayisə onu göstərir ki, Azərbaycan və Çin arasında müşahidə olunan fərqlər əsasən istedad fərqi ilə deyil, ümumi təhsil mərhələsində formalaşan kütləvi baza səviyyəsinin dərinliyi və davamlılığı ilə bağlıdır. Çin üzrə yüksək nəticəli bölgələrdə minimum səriştə səviyyəsinin kütləvi şəkildə təmin edilməsi elmi və akademik olimpiadalar üçün geniş seçim imkanları yaradır və istedadların erkən mərhələdə itirilməsi riskini minimuma endirir. Bu baxımdan PISA nəticələri Azərbaycan üçün tənqidi deyil, əksinə, mövcud vəziyyətin elmi əsaslarla qiymətləndirilməsi və inkişaf istiqamətlərinin daha dəqiq müəyyənləşdirilməsi baxımından mühüm istinad nöqtəsidir”, - deyə X.İbrahimzadə vurğulayıb.