Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı 25 milyonu ötüb
Bakı, 2 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər bu ilin martında da əhalinin maraq dairəsində olaraq geniş istifadəçi kontingenti ilə cəlb edib. Təkcə son bir ayda həmin elektron xidmətlərə 649,5 min dəfə müraciət qeydə alınıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək nazirliyin elektron xidmətlərinə ümumi müraciətlərin sayı 25
milyon 250 minə çatıb ki, bu da ötən dövrdə “Elektron hökumət” portalından ümumi istifadənin 38,5 faizini təşkil edir.
Dövlət idarəçiliyinin müasir iş prinsipləri üzərində təşkil edilməsi, son illərdə aparılan islahatlar əmək və sosial müdafiə, sosial sığorta, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin də qısa müddətdə avtomatlaşdırılmış infrastrukturunun qurulmasına imkan verib. Həmin sahələrin fəaliyyətinin elektron sistemlər üzərində formalaşdırılması müvafiq dövlət xidmətlərinin əhaliyə elektron müstəvidə və vahid pəncərə əsaslı təşkilinə, nəticədə məmur-vətəndaş təmasının minimuma endirilməsi şəraitində həmin xidmət sektorlarında şəffaflığa, sosial təminat sistemində ünvanlılıq prinsipinin təmin edilməsinə şərait yaradıb. Digər tərəfdən əhalinin həmin xidmətlərdən rahat və asan istifadə imkanlarına yiyələnmələrinə, həmçinin sosial cəhətdən həssas əhali qruplarının aidiyyəti xidmətlərə əlçatanlığına nail olunub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər elektron xidməti fəaliyyət göstərir. Cari ilin martında vətəndaşlar “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər elektron xidmətlərdən daha çox istifadə ediblər. Eləcə də “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru” və s. kimi elektron xidmətlərə müraciətlərin sayı da getdikcə artır.