ƏMƏK YARMARKALARI ƏHALİNİN MƏŞĞULLUĞUNU TƏMİN EDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 1997-ci ildən başlayaraq keçirilən əmək yarmarkalarında 35 mindən çox işaxtaran və işsiz vətəndaş işlə təmin olunmuşdur. 2004-ci ilin keçən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında, Göyçay, Ağcabədi, Qobustan, Qax, Ağstafa və Qazax rayonlarında keçirilən yarmarkalarda 4230 nəfər işsiz vətəndaş iştirak etmiş, işaxtaranlara 281 müəssisə və təşkilatlardan 1926 boş iş yeri təklif olunmuşdur. İşaxtaranların 778 nəfərinə münasib işə göndəriş verilmişdir. Onlardan 26-sı kvota üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olanlardır. Bundan əlavə, 64 nəfər peşə hazırlığı kurslarına, 110 nəfərə yaxın işsiz vətəndaş isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Keçirilmiş yarmarkalara 188 dövlət, 69 özəl müəssisə və bir xarici şirkət boş iş yerləri təklif etmişdir.