“ƏMƏKDAR ELM XADİMİ”NİN ELMDƏN KƏNAR FANTAZİYALARI
Berlin, 21 aprel (AZƏRTAC). Fantaziya qanadlarında “cövlan edən” Lüdvik Karapetyan heç cür real aləmə enmək istəmir. Regnum informasiya agentliyinin lentində onun növbəti cəfəngiyatı dərc edilmişdir. “Dövləti təşkil edən yaradıcılıq” adlı məqaləsində özünü “professor” və “RF-nin əməkdar elm xadimi” adlandıran müəllif (yazıq rusiyalı tələbələr!) SSRİ-nin qanunvericilik aktlarını, o cümlədən SSRİ Konstitusiyasını, İttifaq qanunlarını, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını özünəməxsus tərzdə təhlil etməyi və “ermənisayağı” şərh etməyi özünə rəva görmüşdür. O, gəldiyi nəticələri “hamıya məlumdur”, “aşkardır” və digər köməkçi sözlərlə, gəlişi gözəl ibarələrlə əsaslandırmağa çalışır, əslində isə bu ifadələr hamılıqla qəbul edilmiş faktlardan daha çox ona verilmiş elmi dərəcələrin əhəmiyyətinin sıfıra bərabər olmasına dəlalət edir.
Azərbaycan tərəfi SSRİ dağılandan sonra müttəfiq respublikaların nə üçün müstəqil dövlətlərə çevrilə bildiklərini, Dağlıq Qarabağın isə buna nə üçün nail ola bilmədiyini Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla erməni tərəfinə dəfələrlə, az qala orta məktəb səviyyəsində izah etmişdir. Yeri gəlmişkən, köməkçi ara sözləri haqqında: Karapetyan Ermənistan prezidentinin söz başa düşməməsini “aşkar görünən ikili standarta görə tamamilə əsaslı təəccüb” adlandırmışdır. Nə isə, onu da bir kənara qoyaq, təkcə onun nəzərini cəlb edən “aşkarlıqları” da.
Yalnız yerevanlı qara-qışqırıqçılara məlum olan “Azərbaycan-Qarabağ münaqişəsi” kimi terminlərin uğursuz piarına da diqqəti cəlb etməyəcəyik, çünki bu ifadə, məsələn, “Almaniya-Drezden”, “Rusiya-Kostroma” və ya “Ermənistan-Kirovakan” münaqişələri kimi sayıqlamadan başqa bir şey deyildir. Karapetyan siyasi-hüquqi anlayışların elmi şərhi barədə iddialı mühakimələr yürütməklə (hətta bədnam madam Yelena Əlixanyan-Bonnerin mərhum ərinin işlətdiyi terminlərdən sitatlar gətirməklə) gözünü də qırpmadan “Dağlıq Qarabağın Azərbaycanın tərkibinə anneksiya edilməsi” barədə sakitcə danışır, lakin özünə sərf etdiyinə görə Ermənistan SSR Ali Sovetinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə birləşdirmək (yəni mahiyyət etibarilə anneksiya etmək!) haqqında qeyri-qanuni qərarlarının SSRİ Ali Soveti tərəfindən dəfələrlə ləğv edilməsini “unudur”. Eyni qayda ilə o, “Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzü” kimi “hamıya məlum olan“ (görünür, yalnız onun həmvətənlərinin “hamısına məlum olan”) “fakt” barədə danışır. Karapetyan öz fikirlərini madam Kerolayn Koks və Vladimir Kazimirov kimi “nüfuzlu” və təbii ki, “bitərəf” siyasətçilərə istinad etməklə əsaslandırmağa çalışır. Bu isə hər bir kənar müşahidəçidə homerik gülüş doğurur. Nə isə, bu terminoloji xətaları bir kənara qoyaq və məsələnin mahiyyətinə keçək.
“Əməkdar hüquqşünas” məqaləsinin lap əvvəlində SSRİ Konstitusiyasının müddəalarını tamamilə təhrif edərək Regnum informasiya agentliyinin oxucularına isbat etməyə çalışır ki, sən demə, Sovet İttifaqı sadəcə 15 respublikanın ittifaqı deyil, həm də… bu respublikaların tərkibinə daxil olan bütün muxtar qurumların ittifaqı imiş. İşə bir bax! Başqa sözlə desək, “professor” öz fantaziyaları zirvəsindən bizim kimi “kəmsavadlara” izah etməyə çalışır ki, respublikalar və onlarla tamamilə “bərabərhüquqlu” (karapetyansayağı) olan muxtar qurumlar bir yerə toplaşaraq SSR İttifaqını yaratmağı qərara almışlar. Lap Novqorod veçesində olduğu kimi! Lakin İttifaq dağıldığı üçün belə çıxır ki, indi təkcə keçmiş müttəfiq respublikalar deyil, bütün muxtar qurumlar da hara istəsələr üz tuta bilərlər. Bəs necə! Axı həmin muxtar qurumlar federasiyanın yaradılmasında respublikalarla “bərabər” iştirak etmişlər (maraqlı nəticədir, deyilmi?). SSRİ dağılandan sonra Rusiya Federasiyasının heyrətamiz şəkildə (təsadüfə bax!) əvvəlki RSFSR ilə eyni sərhədlər daxilində qalması faktı isə Karapetyanın fikrincə, asanlıqla izah edilə bilər - özbaşına buraxılmış muxtar qurumlar özləri Rusiya tərəfə can atmış və necə deyərlər, yenidən müstəqil Rusiyanın tərkibinə daxil olmağı xahiş etmişlər. Özləri də bu istək o qədər güclü olmuşdur ki, ümumi vurhavurda Kremlin qapılarını döyənlərin hamısını görməmiş və təsadüfən Şimali Qafqazda iki müharibə baş vermişdi. “Uti possidetis juris” prinsipinin isə buraya heç bir dəxli yoxdur, uşaqlar, bu… masonların ixtirasıdır! BMT, ATƏT, Avropa İttifaqı və digər nüfuzlu təşkilatların şəxsində beynəlxalq birlik Azərbaycan Respublikasını keçmiş Azərbaycan SSR hüdudlarında (yəni Dağlıq Qarabağla birlikdə) universal “Uti possidetis juris” prinsipi əsasında deyil, ona görə tanımışlar ki, bunu “SSRİ-nin dağılmasından sonra eyforiya vəziyyətində olan aparıcı ölkələrin nüfuzlu xadimləri çılğınlıq edərək müttəfiq respublikaların yerində yaradılmış yeni dövlətlərin ərazi bütövlüyünün tanınması üçün beynəlxalq birliyə təzyiq göstərmişlər”. “Səhvə” baxın ha!
Karapetyan bu cür cəfəngiyatdan sonra oxucuların özünə gəlməsinə imkan vermədən davam edir (çox güman ki, o, mühazirələrdə öz bədbəxt tələbələrinə də eyni sözləri deyir): “Muxtar qurumların əraziləri federativ dövlətin tərkibində konstitusion-hüquqi müstəqilliyə malik idi və müttəfiq respublikaların ərazi bütövlüyünün qeyd-şərtsiz komponentinə daxil deyildi (bu cəfəngiyatı hələlik bir kənara qoyaq, ona bir qədər sonra qayıdacağıq. - red.). Buna görə də Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya və Dnestryanı bölgənin (kursiv bizimdir - red.) xalqları tamamilə legitim qaydada özlərinin ərazi hüdudlarında müstəqil dövlətlər yaratmışlar. SSRİ yaradılana qədər təşkil edilmiş RSFSR-in muxtar qurumları isə özlərinin təyini-müqəddərat formalarını Rusiya Federasiyasının tərkibində seçmişlər.
Karapetyan öz fantaziyalarına o qədər uymuşdur ki, hətta Dnestryanı bölgəni də muxtar qurumlar sırasına aid etmişdir. Qanunvericilik aktlarını əməlli-başlı oxumağı və savadlı şərh etməyi öyrənməmiş Karapetyan professor mantiyasını geyməyə və Azərbaycan hökumətində adı çəkilməyən opponentini bunda ittiham etməyə tələsmişdir ki, guya həmin şəxs SSRİ Konstitusiyasının ən mühüm müddəalarını “nəzərdən qaçırmışdır”. Məsələn, o yazır ki, “SSRİ federativ dövlətinin tərkibinə müttəfiq respublikalar (9-cu fəsil), muxtar respublikalar (10-cu fəsil) muxtar vilayətlər və mahallar (11-ci fəsil) daxildir”. Müəllif buna eyham edir ki, bu qurumların hamısı İttifaq dövlətinin tərkibinə bərabər hüquqlarla daxil idi. Karapetyan SSRİ Konstitusiyasının müvafiq fəsillərinə istinad edərkən, görünür, ümid edir ki, heç kəs onun istinadlarının mətnini ilk mənbə üzrə yoxlamayacaq, yaxud müvafiq sənədə müraciət etsə də, onu barmaqarası oxuyacaqdır. Lakin SSRİ Konstitusiyasından Karapetyanın misal gətirdiyi fəsillərlə adi tanışlıq bunu görməyə imkan verir ki, müttəfiq respublikalar SSRİ-nin tərkibinə (9-cu fəsil), muxtar qurumlar isə respublikalardan yan keçərək birbaşa SSRİ-yə deyil, müttəfiq respublikaların tərkibinə daxil idi (10-cu və 11-ci fəsillər)!
Konstitusiyada o da qeyd edilmişdir ki, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasındakı sərhədlər müvafiq respublikaların SSR İttifaqı tərəfindən təsdiq edilməli olan qarşılıqlı sazişinə əsasən dəyişdirilə bilər” (maddə 78). 79-cu maddə bilavasitə müttəfiq respublikaların öz ərazisi üzərində suverenliyinin dərəcəsinə aiddir: “Müttəfiq respublika özünün ölkə, vilayət, mahal, rayon bölgüsünü müəyyən edir və inzibati ərazi quruluşunun başqa məsələlərini həll edir”.
Karapetyan öz fantaziyalarını növbəti cümlədə daha da inkişaf etdirir: “müəllif “yadından çıxarmışdır” ki, “İttifaq” sözü qədim latın dilindəki “federation” sözündən yaranmışdır, federasiyanı təşkil edən dövlət qurumları isə müstəqil dövlətlər kimi beynəlxalq hüquqi statusa malik deyildir”. Buna nə deyəsən! Görünür, Karapetyanın öz yaddaşı xarab olmuşdur, yoxsa həmin Konstitusiyanın 76-cı maddəsi ilə tanış olardı. Həmin maddədə açıq-aydın yazılmışdır: “Müttəfiq respublika digər sovet respublikaları ilə Sovet Sosialist Respublikaları İttifaqında birləşmiş suveren sovet sosialist dövlətidir”. 80-ci maddəyə görə isə “Müttəfiq respublika xarici dövlətlərlə münasibətlərə daxil olmaq, onlarla müqavilələr bağlamaq, diplomatik və konsul nümayəndələri göndərmək və qəbul etmək, beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdir”. Belə çıxır ki, “müstəqil dövlətlər kimi beynəlxalq hüquqi statusa malik olmayan” Ukrayna SSR, Belarusiya SSR və RSFSR 1945-ci ildə çaşmış və səhvən BMT-yə üz tutmuş, bu təşkilatın tamhüquqlu üzvləri olmuşlar!
“Professor”un sərsəmləməsi onun növbəti cümləsində lap zirvəyə çatır: “Onlar (yəni azərbaycanlılar - red.) bir şeyi başa düşmək və bununla barışmaq istəmirlər ki, Dağlıq Qarabağ da başqa muxtar qurumlar kimi müttəfiq respublikaların tərkibinə deyil, federativ SSRİ dövlətinin tərkibinə daxil idi”.
“RF əməkdar elm xadimi” insanı şok vəziyyətinə sala biləcək bu nəticəni misilsiz bir həyasızlıqla Konstitusiyanın 82-ci və 86-cı maddələrinə istinad etməklə əsaslandırır. Həmin maddələrə görə isə muxtar qurumlar “müttəfiq respublikanın tərkibindədir”. Karapetyanın fikrincə, “tərkibində olmaq” və “tərkibinə daxil olmaq” - ayrı-ayrı şeylərdir. Bu başabəla alim kömək üçün Ojeqovun lüğətinə müraciət edir. Həmin lüğətə görə “tərkibində olmaq” sadəcə “olmaq”, “tərkibinə daxil olmaq” isə “girmək, içəriyə soxulmaq” deməkdir. Karapetyan yazır: “tamamilə aydındır ki, “tərkibinə daxil olmaq” və “tərkibində olmaq” anlayışları və mahiyyətləri eyniyyət təşkil etmir”. Başqa sözlə desək, onun fikrincə, muxtar qurumlar respublikaların tərkibinə deyil, SSRİ-nin tərkibinə daxil olmuş, SSRİ də öz növbəsində onları müttəfiq respublikalara, necə deyərlər müvəqqəti saxlamağa, işlətməyə, icarəyə vermişdir.
Ümumiyyətlə, təəccüblüdür: görəsən RF Ali Attestasiya Komissiyası bu cür yoldan keçənlərə elmi dərəcələr verərkən hara baxır?!
Karapetyan DQMV-nin yerində qondarma “DQR” elan edilməsinin qanuniliyini əsaslandırmağa çalışaraq SSR İttifaqının 1990-cı il aprelin 3-də qəbul edilmiş “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həll edilməsi qaydası haqqında” Qanununa (sonrakı mətndə - müxtəsərlik üçün SSRİ Qanunu) istinad edir. Xatırladaq ki, həmin qanuna görə müttəfiq respublika bütün prosedur tələblərinə riayət edilməklə konstitusion qaydada SSRİ-nin tərkibindən çıxdığı halda həmin respublikanın tərkibinə daxil olan bütün muxtar qurumlara SSR İttifaqında, yoxsa SSRİ-dən çıxan müttəfiq respublikada olmaq məsələsini müstəqil həll etmək, eləcə də özünün dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi (maddə 3). Karapetyan özünün heyrətamiz və sağlam düşüncəli hər bir insanın təxəyyülünü mat qoya biləcək silsilə interpretasiyaları vasitəsilə hətta həmin qanunu tərtib edənlərin də bilmədiyi (biz buna şübhə etmirik!) orijinal nəticə çıxarmaq üçün çeviklik göstərərək bu müddəadan bərk-bərk yapışmışdır - guya həmin qanuna əsasən müttəfiq respublikaların və muxtar qurumların hüquqları “bərabərləşdirilir” və müttəfiq respublikalar az qala həmin muxtar qurumlardan “məhrum edilirdi”. “Dahiyanə” fikirdir, elə deyilmi? Lakin bu barədə az sonra. Hələlik isə SSRİ Qanununun özünə qayıdaq.
Karapetyan yeni qanuna görə muxtar qurumların müttəfiq respublikaların tərkibindən çıxmasının mümkünlüyünü xatırlatmaqla bərabər, bilərəkdən mühüm bir sənədin - SSRİ Ali Sovetinin 1990-cı il 3 aprel tarixli “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həll edilməsi qaydası haqqında” Qanununun qüvvəyə minməsi haqqında” Qərarının adını çəkmir. Həmin qərarın 2-ci bəndinə görə,”… müttəfiq respublikanın SSRİ-dən çıxması haqqında məsələnin qoyuluşu ilə əlaqədar olan və “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həll edilməsi qaydası haqqında” SSRİ Qanununa zidd olan, həm bu qanunun qüvvəyə minməsinə qədər, həm də ondan sonra edilmiş hər hansı hərəkətlər istər SSR İttifaqı üçün, istərsə də müttəfiq respublikalar üçün heç bir hüquqi nəticə doğurmur”. Başqa sözlə desək, müttəfiq respublikanın SSRİ tərkibindən çıxması və bunun ardınca muxtar qurumların öz gələcək statusunu müəyyən etməsi prosedurunun azacıq belə pozulması bütün prosesin etibarsız hesab edilməsi və hər şeyin əvvəlki yerinə qayıtması üçün kifayətdir. 1991-ci il sentyabrın 2-də Azərbaycan SSR DQMV-nin yerində qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilməsi və elə həmin il dekabrın 10-da Dağlıq Qarabağda qondarma “referendum” keçirilməsi ən azı yeddi epizodda (bu epizodlar aşağıda sadalanır) SSRİ Qanununun pozulmaları ilə müşayiət olunmuşdur, halbuki bütün prosesin heç bir hüquqi nəticə doğurmayan proses hesab edilməsi üçün həmin pozuntuların biri kifayət idi:
1) 1991-ci il sentyabrın 2-də Azərbaycan SSR DQMV-nin yerində qondarma “Dağlıq Qarabağ Respublikası” həmin il avqustun 30-da Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamənin təsiri altında elan edilmişdir. SSRİ Qanununun hərfi mənasına axıra qədər riayət edilsə, adıçəkilən Bəyannamənin qəbul edilməsi Qanuna müvafiq olaraq DQMV üçün özünün dövlət-hüquqi statusu məsələsinin qoyuluşu üçün hüquqi əsas ola bilməzdi. Bəyannamənin qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin hüquqi cəhətdən qəti sənədləşdirilməsi deyildi, bu, yalnız ittifaq qanunvericiliyinə görə nəticə etibarilə ümumrespublika plebisiti keçirilməsini də əhatə etməli olan uzun bir prosesə yol açırdı. Məlum olduğu kimi, həmin proses baş verməmişdi. Bundan əlavə, SSRİ Qanununun 3-cü maddəsində muxtar qurumda ümumrespublika səsverməsindən əvvəl (nəinki bu cür səsvermə keçirilmədən) referendum keçirilməsinin mümkünlüyü haqqında bircə kəlmə də deyilmir. Qarabağ muxtar qurumu müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasından ibarət hüquqi prosesin tamamilə başa çatmasını gözləməli idi ki, həmin proses qanuni olacağı təqdirdə muxtar qurumun gələcək statusunun müstəqil müəyyən edilməsi məsələsi qoyulsun. DQMV isə məlum olduğu kimi, “falstart” vermiş, özünün hələ SSRİ-nin tərkibindən çıxmamış müttəfiq respublikadan çıxmasını elan etmişdir. Bu, SSRİ Qanununun birinci pozuntusu.
2) Məlum olduğu kimi, 1991-ci il martın 17-də keçirilmiş referendumun gedişində, yəni 1990-cı il Qanunu artıq qüvvəyə mindikdən sonra Azərbaycan SSR vətəndaşları respublikanın SSRİ tərkibində saxlanmasının lehinə səs vermişdilər. SSRİ Qanununun 10-cu maddəsinə uyğun olaraq SSRİ-dən çıxmaq məsələsinə dair yeni referendum əvvəlki referendumun keçirildiyi vaxtdan ən azı 10 il sonra, yəni ən tezi 2001-ci il martın 17-də keçirilə bilərdi. Daha sonra, əgər həmin qanunun hərfi mənasına və ruhuna riayət edilsə, mart (1991-ci il) referendumundan sonrakı 10 il ərzində və ya o vaxta qədər SSRİ Qanununun qüvvəsinə xitam verilənə qədər Azərbaycan ittifaq dövlətinin tərkibindən çıxmaq haqqında məsələ qaldıra bilməzdi (30 avqust 1991-ci il tarixli Bəyannamə istisna deyil) və deməli, DQMV Azərbaycanın tərkibindən çıxmağı heç xəyalına da gətirə bilməzdi. Dağlıq Qarabağ muxtar qurumu status məsələsini müstəqil həll etmək hüququnu həyata keçirməyə başlamağa hüquqi yol açmaq imkanına malik olmaq üçün 2001-ci ildən sonra növbəti ümumrespublika referendumunu səbrlə gözləməli idi. Məlum olduğu kimi, bu da olmamışdı.
3) Hüquqşünas Tofiq Musayevin yazdığı kimi, ”… əgər erməni tərəfin məntiqinə əməl edərək 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in və Dağlıq Qarabağın guya birləşmiş olması fikri ilə razılaşsaq, belə çıxır ki, sonradan, 1991-ci il sentyabrın 2-də “DQR” elan edilməsinin və həmin qurumun ərazisində referendum keçirilməsinin yekunlarına görə Dağlıq Qarabağ artıq Ermənistandan ayrılmışdı. Erməni tərəfin gətirdiyi dəlillərin açıq-aşkar absurd olmasına şübhə yoxdur. Əks halda rəsmi Yerevan etiraf etməlidir ki, 1991-ci il sentyabrın 2-nə qədər erməni tərəfinin etdiyi bütün hərəkətlər qanunsuz olmuşdur və həmin tarixə qədər Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsi kimi qalmaqda davam etmişdir”. Çox dəqiq ifadə edilmiş bu irada heç bir əlavəmiz yoxdur. Yalnız onu xatırlatmaq istəyirik ki, Ermənistanın qanunvericilik orqanının 1989-cu il 1 dekabr tarixli həmin qərarı indiyə qədər ləğv edilməmişdir. Bu isə Dağlıq Qarabağın “müstəqilliyi” haqqında tezisə uyğun gəlmir.
4) Dağlıq Qarabağda referendum hələ SSRİ-nin “sağlığında” keçirildiyi üçün səsvermənin nəticələri həm də ona görə etibarsız idi ki, bu halda SSRİ Qanununun 6-cı maddəsi də pozulmuşdur. Həmin maddəyə görə, müttəfiq respublikaların Ali Soveti və muxtar qurumların Xalq Deputatları Sovetləri referendumun yekunlarını birlikdə nəzərdən keçirməli və sonradan həmin nəticələri SSRİ Ali Sovetinə təqdim etməli idilər. Qondarma “DQR”-də heç olmasa formallıq və Qanunun müddəalarına riayət edilməsi təsəvvürü yaratmq xatirinə səsvermənin yekunlarını qanunun tələb etdiyi kimi Azərbaycan parlamentinə təqdim etməyi və bu yekunları (ən azı telekörpü vasitəsilə) birgə müzakirə etməyi lazım bilməmişlər. Bu isə Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq haqqında özbaşına qəbul etdiyi qərarın etibarsızlığını daha da artırmışdır.
5) Referendum təşəbbüsünü irəli sürənlər SSRİ Qanununun 3-cü maddəsinin tələb etdiyi kimi, vilayətdə Azərbaycan icmasının yığcam şəkildə yaşadığı yerlərdə (azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa rayonunda) ayrıca səsvermə keçirilməsini də təşkil etməmişdilər. Aydındır ki, keçmiş DQMV-nin azərbaycanlı sakinləri bu qanunsuz referendumun yekunlarını rədd etmişlər, lakin təşkilatçılar tərəfindən Qanunun müddəalarına texniki baxımdan riayət edilməsi təsəvvürü yaratmaq üçün formal cəhd də göstərilməmişdir.
6) Səsvermənin keçirilməsi tarixi SSRİ Qanununun daha bir pozuntusu olmuşdur. Qanunun ikinci maddəsinə görə, referendum müttəfiq respublikanın SSRİ-dən çıxması haqqında məsələnin qoyuluşuna dair qərar qəbul ediləndən ən geci 6 ay əvvəl və ən tezi həmin qərar qəbul ediləndən 9 ay sonra keçirilməli idi. Hətta əksini fərz edərək Azərbaycan Ali Soveti tərəfindən 30 avqust tarixli bəyannamənin qəbul edilməsi muxtar qurumun müttəfiq respublikadan ayrılması prosesinin başlanması üçün kafi əsas olması fikri ilə bir anlığa razılaşsaq belə (hərçənd, yuxarıda qeyd etdiyimiz kimi, Qanunun 10-cu maddəsinə görə növbəti 10 ildə Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq məsələsini ümumiyyətlə qaldıra bilməzdi), respublikanın bütün ərazisində, yaxud onun bu və ya digər hissəsində (yəni Dağlıq Qarabağda) səsvermə yalnız 1992-ci ilin mart və may ayları arasında keçirilə bilərdi. Dekabrın 10-da səsvermə keçirilməsi ittifaq qanununun növbəti dəfə pozulması idi və səsvermənin yekunlarını hər hansı hüquqi qüvvədən məhrum edirdi.
7) Onu da unutmamalıyıq ki, ümumrespublika referendumunda (məlum olduğu kimi o da baş tutmamışdı) Azərbaycan sakinləri nəzəri cəhətdən, elə həmin ilin martında olduğu kimi, respublikanın ittifaq dövlətindən çıxmasının əleyhinə də səs verə bilərdilər. Ümumrespublika referendumunun yekunlarının mənfi olacağı təqdirdə muxtar qurumun statusunun dəyişdirilməsi barədə onun sakinlərinin fikri ümumiyyətlə nəzərə alınmayacaqdı və səsvermənin bu cür yekununda hər şey əvvəlki yerində qalacaqdı. Əgər Azərbaycan SSR SSRİ Qanununa ciddi müvafiq surətdə ittifaq dövlətinin tərkibindən çıxmaq barədə mürəkkəb prosedurun bütün mərhələlərindən keçmiş olsaydı, ümumrespublika referendumunda isə əhali müstəqilliyə səs vermiş olsaydı, bu halda DQMV üzrə ayrıca səsvermənin nəticələrinin hesablanması əsasında həmin muxtar qurumun öz gələcək statusunu müstəqil müəyyən etməsi prosedurunun başlanması üçün hüquqi zəmin yaranardı. Məlum olduğu kimi, bu da olmamışdır.
SSRİ Ali Sovetinin 1990-cı il 3 aprel tarixli qərarının yuxarıda xatırlatdığımız 2-ci bəndinə uyğun olaraq bu pozuntular vilayətin hakim dairələrinin DQMV-nin Azərbaycanın tərkibindən çıxması barədə bütün hərəkətlərinin etibarsız hesab edilməsi üçün kifayət idi.
Yuxarıda deyilənləri təsdiqləyən bir maraqlı faktı qeyd edək. Qəribədir, Karapetyan öz məqaləsində SSRİ Konstitusiya Nəzarəti Komitəsinin Azərbaycan Respublikası Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında 1991-ci il 23 noyabr tarixli qərarının SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə müvafiq olmayan hesab edilməsi haqqında 1991-ci il 28 noyabr tarixli qərarına da istinad edir və düşünmür ki, bu istinad əslində bumeranq kimi onun özünə qayıdır və onun gəldiyi nəticələri puç edir. Karapetyan sayıqlayır: “Bu fakt onu təsdiq edir ki, Azərbaycan müstəqil dövlət olmamışdır və onun öz muxtar qurumları olmamışdır. Başqa müttəfiq respublikalar və muxtar qurumlar kimi Az. SSR-də vahid federativ dövlətin tərkib hissəsi olmuşdur”. Əslində isə bu fakt tamam başqa şeyi təsdiqləyir. O göstərir ki, SSRİ Konstitusiya Nəzarəti Komitəsi Azərbaycan Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında qərarına dərhal münasibət bildirmiş və eyni zamanda, separatçıların “DQR” elan etməsinə tamamilə fikir verməmişdir. Bu fakt ən əyani şəkildə onu göstərir ki, İttifaqın həmin orqanı yalnız qanuni subyektlərin hərəkətlərini nəzərdən keçirirdi. Komitə “DQR” elan olunmasına əsla məhəl qoymamışdı. Bu ona bənzəyirdi ki, bir qrup velosipedçi Volqaboyu bölgəyə getmiş və orada müstəqil Velosiped Respublikası yaradılmasını elan etmiş olsun. Eyni zamanda, Komitə öz qərarını DQMV-nin ləğv edilməsi haqqında Azərbaycan qanunvericilik orqanının qərar qəbul etməsindən iki gün sonra (!) dərc etmişdir, çünki İttifaq dövləti DQMV-ni təbii ki, Azərbaycanın tərkib hissəsi saymaqda davam edirdi və Azərbaycan Ali Sovetinin qərarına münasibət bildirməyə bilməzdi. Axı “DQR” elan edilməsinin qanuni hərəkət olmasını fərz etsək, bunun ardınca Azərbaycan Ali Sovetinin muxtar vilayətin ləğv edilməsi haqqında qərarı artıq Azərbaycandan ayrılmış Dağlıq Qarabağa münasibətdə heç bir hüquqi nəticə doğurmazdı və deməli, SSRİ Konstitusiya Nəzarəti Komitəsinin Azərbaycanın hakim dairələrinin bu qərarına münasibət bildirməsinə ümumiyyətlə ehtiyac olmazdı. Buna baxmayaraq, Komitə dərhal məsələyə müdaxilə etmiş və Azərbaycan Ali Sovetinin qərarını ləğv etmiş, bununla da Dağlıq Qarabağ muxtariyyətini bərpa etmiş və onu əvvəlki yerinə qaytarmışdı. Beləliklə, Karapetyan kimi “professorlar”ın nəzərinə çatdırılmışdı ki, bundan iki ay yarım əvvəl Dağlıq Qarabağda qondarma “respublika” elan edilməsinin heç bir hüquqi qüvvəsi olmamışdır və bu qərar İttifaqın həmin orqanı tərəfindən hüquqi qiymət verilməsinə layiq deyildir. Görünür, Karapetyan Komitənin qərarını bizə xatırladarkən bu barədə fikirləşməmişdi.
Nəhayət, SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı (6-7 sentyabr 1991-ci il) barədə bir neçə söz demək maraqlı olardı. Həmin qurultay dövlət münasibətlərinin yeni sisteminin formalaşması üçün keçid dövrü elan etmişdi. Qurultay Suveren Dövlətlər İttifaqı haqqında müqavilənin hazırlanmasını və imzalanmasını sürətləndirməyi qərara almışdı. Qərarda qeyd edilirdi ki, yeni İttifaq ona daxil olan dövlətlərin müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Qərarda bildirilirdi ki, İttifaq müttəfiq respublikaların beynəlxalq hüququn subyektləri kimi tanınmaq və onların BMT-də üzvlük məsələsinə baxılması istəklərini dəstəkləyir. Qərarda muxtar qurumlar haqqında bir kəlmə də yox idi və onlar apriori müttəfiq respublikaların tərkib hissələri sayılmaqda davam edirdi. Qurultay vurğulamışdı ki, yeni İttifaqa daxil olmaqdan imtina etməyi qərara almış respublikaların müstəqillik əldə etməsi onların ayrılmaqla əlaqədar bütün məsələlər kompleksinin həll edilməsi, eləcə də onların dərhal Nüvə Silahının yayılmaması haqqında müqaviləyə, ATƏM-in yekun aktına və digər ən mühüm beynəlxalq müqavilə və sazişlərə qoşulması üçün SSRİ ilə danışıqlar aparılmasını tələb edir. 1991-ci il sentyabrın 6-da SSRİ Dövlət Şurası qurultayın qəbul etdiyi qərarlar əsasında Latviyanın, Litvanın və Estoniyanın müstəqilliyinin tanınması rəsmiləşdirilmişdi. Bununla əlaqədar qeyd etmək lazımdır ki, əgər 1990-cı ildə İttifaqın rəhbərliyi Baltikyanı respublikaların SSRİ-nin tərkibindən çıxması ilə əlaqədar bütün məsələlərin kompleks şəkildə həll edilməsinin zəruriliyini israrla tələb etsəydi, onda 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa və SSRİ Dövlət Şurasının yuxarıda adları çəkilən qərarlarına uyğun olaraq həmin məqsədlərə SSR İttifaqının və müttəfiq respublikalardan hər birinin dövlət nümayəndə heyətlərinin danışıqlarının gedişində nail olmaq mümkün idi. SSRİ Dövlət Şurasının qərarlarında da həmin məsələlərə dair muxtar qurumlarla danışıqlar barədə heç nə deyilmirdi.
Bəzi hüquqşünasların fikrincə, SSRİ Xalq Deputatlarının 5-6 sentyabr tarixli növbədənkənar qurultayının qərarları 1990-cı il 3 aprel tarixli SSRİ Qanununu nəinki aktuallıqdan, həm də hüquqi qüvvədən məhrum etmişdir. Yuxarıda qeyd edildiyi kimi, yeni İttifaqın tərkibinə daxil olmağı arzu etməyən respublikalar SSRİ ilə bütün zəruri məsələləri həmin Qanunun göstərişləri çərçivəsində deyil, danışıqlar yolu ilə tənzimləməli idi. Çoxları bunu əsas götürərək belə hesab edir ki, SSRİ Qanununun qüvvədə olduğu sonuncu gün SSRİ-nin buraxıldığı 26 dekabr günü deyil, 6 sentyabr günü olmuşdur. Lakin hər iki halda sentyabrın 2-də “DQR”-in elan edildiyi vaxt həmin qanun hələ qüvvədə idi və deməli, bu qərarın hüquqi qüvvəsi yox idi. Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi isə məhz SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayının qərarlarına əsaslanmışdı və bir sıra hüquqşünasların fikrincə bu aktın qəbul edilməsi ilə 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun qüvvəsinə xitam verilmişdir. Həmin vaxtda DQMV Azərbaycanın tərkib hissəsi sayılmaqda davam edirdi. Bu, dolayı yolla Karapetyanın yuxarıda adını çəkdiyi SSRİ Konstitusiya Nəzarəti Komitəsinin qərarı ilə də təsdiqlənmişdir.
Nəhayət, Karapetyan öz məqaləsində israrla hansısa görkəmli xadimlər haqqında danışır, lakin onların adlarını çəkmir. Məsələn, “beynəlxalq birliyin görkəmli xadimləri Ermənistan prezidenti Serj Sarkisyanın yeni təşəbbüsünü dəstəkləmişdir”, “beynəlxalq birliyin bugünkü liderləri öz sələflərinin hüquqazidd qərarlarının nəticələrini aşkar edir və qeyri-legitim ərazi bütövlüyünün bərpa olunmasına yol vermirlər”. Bununla əlaqədar, bilmək istərdik, bu xadimlər kimlərdir? Bəlkə elə həmin baronessa Koks, yaxud konqresmen Frank Pallon? Əgər belədirsə, bağışlayın, söhbəti bitmiş hesab edirik.
Biz də öz tərəfimizdən həmin “professorun” Rusiya mətbuatında dərc edilmiş bütün məqalələrini toplayıb RF Ali Attestasiya Komitəsinə və “alimin” iş yerinə göndərərək bu məqalələrin müəllifinə verilmiş elmi dərəcələrə və adlara müvafiq olub-olmadığını araşdırmalarını xahiş edəcəyik. Tələbələri bu cür araqızışdıran “elm dəryaları”nın zərərli təsirindən qorumaq lazımdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin