ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDARSEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BQHİ-nin yerli komitə üzvlərinin iştirak etdiyi bu tədbirdə ittifaqın sədri Mehdi Səlimzadə ötən dörd il ərzində bələdiyyələrin gördükləri işlərdən danışmışdır. O qeyd etmişdir ki, hələlik uğurlarla yanaşı, problemlər də qalmaqdadır. Bir çox bələdiyyə üzvlərinin münasib iş yerləri yoxdur, əməyin mühafizəsi ilə əlaqədar məsələlər öz həllini istənilən səviyyədə tapmır, işəgötürənlərlə işçilər arasında bağlanmış müqavilələrdə əməyin təhlükəsizliyi nəzərə alınmır və sair.
M.Səlimzadə bu problemlərin düzgün həll edilməsində bələdiyyə qulluqçuları həmkarlar təşkilatları üzvlərinin bilavasitə iştirakının vacibliyini xüsusi vurğulamışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək siyasəti idarəsinin rəis müavini Eldar Məmmədov sosial məsələlərin, o cümlədən əməyin mühafizəsi sahəsində bir sıra qanun və normativ hüquqi aktlardan ibarət qanunvericilik bazasının yaradılmasından danışmışdır. O xatırlatmışdır ki, Azərbaycan hər il əməyin təhlükəsizliyi ilə bağlı Dünya Əmək Təşkilatı qarşısında hesabat verir.
Respublika Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin direktor müavini İlham Abbasovun sözlərinə görə, mülkiyyət formasından və maliyyə vəziyyətindən asılı olmayaraq, hər bir iş yerində əməyin təhlükəsizliyinə cavabdeh şəxs təyin olunmalıdır. İşəgötürən də, işçi də əməyin təhlükəsizliyinə münasibətdə öz məsuliyyətini dərk etməli, hüququnu bilməlidir. O, fikirlərini mülki və Cinayət Məcəllələri baxımından konkret faktlarla əsaslandırmışdır.