Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artırır
Bakı, 28 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsində elektron xidmətlərin tətbiqi genişləndirilib. Ümumilikdə 29 “e-xidmət” vətəndaşların istifadəsinə verilib. Elektron xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Bu xidmətlərdən 111 mindən çox fiziki və hüquqi şəxs yararlanıb.
Bu barədə AZƏRTAC-a komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib. Şöbə müdiri vurğulayıb ki, yeni istifadəyə verilmiş elektron xidmət vasitəsilə mülkiyyətçilər daşınmaz əmlak barədə reyestr məlumatlarla tanış ola bilərlər. Artıq reyestr məlumatları onlayn rejimdə verilir. Vətəndaşlar daşınmaz əmlakın yüklü girovda və ya həbsdə olması və digər məlumatları da eyni qaydada əldə edə bilərlər.
Digər xidmətlər haqqında danışan Q.Xəlilov bildirib ki, dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icrası üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair interaktiv xidmətlər də təqdim olunur.
Şöbə müdiri qeyd edib ki, 2014-cü ildə daşınmaz əmlakla bağlı dövlət qeydiyyatı və onun ləğvi, xidmət haqlarının ödənməsi, ünvan arayışlarının verilməsi ilə bağlı digər xidmətlər də istifadəyə verilib. “Qarşıdakı dövrdə “e-xidmət”lərin sayının artırılması və komitənin fəaliyyət sahələri üzrə xidmətlərin tam elektronlaşdırılması nəzərdə tutulur. Yəni elektron xidmətlərə icarə haqqı borcları, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxışın hazır olma tarixi barədə məlumatların SMS vasitəsilə göndərilməsi və digər xidmətlər aid olacaq”, - deyə Q.Xəlilov bildirib.