Emmanuel Makron Yeni il müraciətində son saniyəyədək işləyəcəyini vəd edib
Paris, 1 yanvar, AZƏRTAC
Emmanuel Makron 2026-cı il münasibətilə fransızlara ünvanladığı Yeni il müraciətində konsensus axtarışını ön plana çıxarıb və son saniyəyədək işləyəcəyini vəd edib.
AZƏRTAC xəbər verir ki, təxminən on dəqiqəlik qısa çıxışında Emmanuel Makron səkkiz illik hakimiyyətinin yekunlarına qayıtmayıb, yalnız ölkəsinin ayaqda olmasını deməklə kifayətlənib.
Yelisey sarayında etdiyi müraciətdə Makron əvvəlcə millətin davamlılığını təmin edənlərə dəstəyini ifadə edib, eyni zamanda cəmiyyətdə artan şübhə və qəzəbləri anladığını vurğulayıb. O, siyasi qeyri-sabitlik fonunda yeni təşəbbüslər elan etməkdən və ya öz fəaliyyətini müdafiə etməkdən yayınaraq daha sakit və neytral ton seçib.
Prezident iqtisadi göstəriciləri müsbət təqdim edib: məşğulluğun rekord səviyyədə olduğunu, inflyasiyanın avrozonada ən aşağı göstəricilərdən biri sayıldığını bildirib. Bununla yanaşı, dövlət maliyyəsinin böhranı mövzusuna toxunmayıb.
Çıxışın sonunda Makron 2027-ci il prezident seçkilərində namizəd olmayacağını xatırladaraq, institutların təminatçısı rolunu sona qədər yerinə yetirəcəyini vurğulayıb və Fransaya, eləcə də Avropaya birlik, güc və ümid arzulayıb.