“EnterpriseAzerbaijan.com” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində təmsil olunub
Bakı, 26 iyun, AZƏRTAC
“EnterpriseAzerbaijan.com” portalı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Rəqəmsal transformasiya və onun şərtləri: rəqəmsal texnologiyaların potensialı haqqında ümumi bir anlayışın formalaşdırılması” adlı seminarında təmsil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, seminar Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiyanın təşviqi məsələlərini daha ətraflı nəzərdən keçirməyə imkan yaradıb. İştirakçılar tərəfindən rəqəmsallaşmanın son tendensiyaları və rəqəmsal çevrilmənin təşviq edilməsinin yolları nəzərdən keçirilib.
"Rəqəmsal texnologiyaların potensialı haqqında ümumi bir anlayışın formalaşdırılması" mövzusuna həsr olunan seminar bütün iştirakçıların fəaliyyətin təşkili və idarəetmə metodları ilə bağlı məqamlar da daxil olmaqla rəqəmsallaşma potensialı barədə bütöv bir anlayış yaratmalarına kömək edəcək.
OECD ölkələrindən olan mütəxəssislər tərəfindən rəqəmsal transformasiya üçün lazım olan və rəqəmsal mədəniyyətə təsir edən prinsiplərə əsaslanan texnologiya imkanlarının səmərəli istifadəsi və mənimsənilməsini təmin etmək üçün ən yaxşı təcrübələr təqdim olunub, həmçinin son innovativ tendensiyalardan bəhs edilib.
“EnterpriseAzerbaijan.com” portalında təqdim olunan innovativ startaplarla investisiyaların inkişafı üzrə işlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “EnterpriseAzerbaijan.com” portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.