ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN ZİRVƏ TOPLANTISI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Bütün ərəb dünyasının diqqəti Livanın paytaxtına yönəlmişdir. Martın 27-də burada Ərəb Dövlətləri Cəmiyyətinin (ƏDC) yüksək səviyyədə 14-cü görüşü açılmışdır.
Beyrutda keçirilən zirvə toplantısında 22 dövlət başçısından 12-si iştirak etmir. Yaxın Şərqdə nizamlama prosesinin əsas simaları olan Fələstin lideri Yasir Ərəfat, Misir prezidenti Hüsni Mübarək, İordaniya kralı II Abdulla, habelə İslam Konfransı Təşkilatına başçılıq edən Qətər əmiri Həməd bin Xəlifə Al Tani zirvə toplantısına gəlməmişlər.
Zirvə toplantısının əvvəlində İordaniyanın baş naziri Əli Əbu Rahib görüş iştirakçılarına müraciət etmiş, kral II Abdullanın tapşırığı ilə ƏDC-yə rəhbərliyi Livan prezidenti Emil Lahuda təhvil vermişdir.
Ərəb-İsrail qarşıdurmasının planetdəki bütün digər münaqişələrdən daha çox nizamlanmaya ehtiyacı vardır. Bunu BMT-nin baş katibi Kofi Annan öz çıxışında bəyan etmişdir. O, bildirmişdir ki, Təhlükəsizlik Şurasının martın 12-də qəbul etdiyi 1397 nömrəli qətnamə böhranın aradan qaldırılması işinə ciddi təkan verir. Həmin qətnamədə iki dövlətin - İsrailin və Fələstinin təhlükəsiz və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində yanaşı yaşaması müddəası əks olunmuşdur.
Livan paytaxtındakı məlumatlı mənbələr xəbər vermişlər ki, zirvə toplantısı nəzərdə tutulduğundan bir gün əvvəl başa çatdırılacaqdır. Onun bütün işi isə bağlı qapılar arxasında keçəcəkdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, günün əsas hadisəsi Səudiyyə Ərəbistanının sülh təşəbbüsünün irəli sürülməsi olacaqdır. Həmin sənədin təfərrüatını onun müəllifi şahzadə Abdulla ibn Əbdül Əziz Al Səud açıqlayacaqdır. Səudiyyə Ərəbistanın bu təşəbbüsü gələcək ümumərəb sülh planının əsasını təşkil etməlidir.