Ərəb Media Forumunda feyk xəbərlərlə mübarizə diqqət mərkəzində olub
Qahirə, 24 dekabr, AZƏRTAC
Dubay Mətbuat Klubunun təşkilatçılığı ilə virtual formatda keçirilən və 10 minə yaxın jurnalistin iştirak etdiyi 19-cu Ərəb Media Forumunda COVID-19 pandemiyası dövründə KİV-lərdə və sosial şəbəkələrdə yayılan feyk xəbərlərlə mübarizə diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum, Misirin Baş naziri Mustafa Mədbuli və digər rəsmi şəxslər bəzi mətbuat orqanları və sosial mediada pandemiya haqqında həqiqətə uyğun olmayan xəbərlərin yayılmasının qarşısını almaq istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, bu sahədə peşəkar jurnalistlərin rolu əvəzolunmazdır. Məhz onların sayəsində cəmiyyətə düzgün informasiyalar çatdırılır, əhali maarifləndirilir.
Ərəb Media forumunda çıxış edən jurnalistlər pandemiya dövründə mətbuat orqanlarının qarşılaşdığı maliyyə problemləri və digər çağırışlar ilə əlaqədar ətraflı fikir mübadiləsi aparıblar. Dövlət və hökumət nümayəndələri onları narahat edən məsələlərlə bağlı tədbirlər görüləcəyini vəd ediblər. Vurğulanıb ki, xüsusən, rəqəmsal platformalarda qəzet və informasiya portallarının texnoloji bazasının möhkəmləndirilməsi aktual problem kimi öz həllini tapmalı, ərəb mediası bu məsələdə Qərbin aparıcı KİV-ləri ilə rəqabət aparmaq qabiliyyətinə malik olmalıdır.
Forumda ərəb media quruluşları və mətbuat orqanlarının qlobal və regional əməkdaşlığı, jurnalistlərin digər ölkələrdəki həmkarları ilə birgə layihələr həyata keçirməsi məsələləri də müzakirə olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə