Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımları
Bakı, 24 fevral, AZƏRTAC
Bəşər tarixinin ən qanlı qətliamlarından olan Xocalı soyqırımından 28 il ötür. Erməni faşistlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına törətdikləri soyqırımı nəticəsində Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib, dinc əhalidən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Bu dəhşətli qırğın erməni millətçilərinin iki yüz ilə yaxın müddətdə xalqımıza qarşı mərhələli qaydada həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsidir. Azərbaycanın son iki əsrlik tarixinə nəzər saldıqda xalqımıza qarşı törədilən bütün cinayətlərin, qətliamların müəlliflərinin ermənilər olduğunu görürük. Ehtiyatda olan zabit Rüfət Xalıqovun “Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımları” sərlövhəli məqaləsində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımları və qanlı cinayətlər barədə ətraflı məlumat verilir.
AZƏRTAC məqaləni təqdim edir.
Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bütün Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda, həmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib.
Həyata keçirilən soyqırımı siyasətinin xronologiyasını gözdən keçirərkən xalqımıza qarşı törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası adamı dəhşətə gətirir. Hələ XVIII əsrin əvvəllərində I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakıda və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Daha sonra I Aleksandr Qafqaz canişininə ermənilərdən Azərbaycan xalqlarının ərazilərinin ələ keçirilməsində istifadə olunması barədə təlimat göndərmişdi. Ermənilərin məkrli, xain millət olduğunu onların himayədarları da yaxşı bilirdilər. Elə buna görə yazıçı və diplomat Aleksandr Qriboyedov I Pyotra yazmışdı: “Zati-aliləri, heç bir vəchlə ermənilərə mərkəzi rus torpaqlarında məskunlaşmağa icazə verməyin. Bunlar elə bir xalqdır ki, on illər keçəndən sonra həmin yerləri öz mülkiyyətlərinə çevirəcək və bütün dünyaya car çəkəcəklər ki, bura qədim Ermənistan torpaqlarıdır” II Nikolay isə 1913-cü ilin payızında çar sülaləsi üzvlərinin Cənubi Qafqaza gəlişi ilə bağlı erməni xalqına müraciətində demişdi: “Siz o zaman xoşbəxtliyə çata bilərsiniz ki, Konstantinopol (yəni, İstanbul) bizim paytaxtımız olsun, Bosfor və Dardanel bizim olsun.” Onda Cənubi Qafqazda, Kiçik Asiyada “böyük Ermənistan” dövləti yaradılacağına söz verirəm”.
Beləliklə, 1826-1828-ci illər Rusiya-İran, 1828-1929-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İrandan və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmasından sonra azərbaycanlıların ağır, məşəqqətli günləri başladı.
Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Azərbaycanın parçalanması prosesi başlandı. 1828-ci ildə Azərbaycan torpaqları İran və Rusiya arasında bölüşdürüldükdən sonra ermənilərə muxtariyyət vəd edilib, onlar müxtəlif ölkələrdən, xüsusən də İran və Türkiyədən köçürülərək Azərbaycanın Qərb torpaqlarında yerləşdiriliblər. 1828-1830-cu illərdə Azərbaycan əhalisinin etnik tərkibi məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilib. Ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itiriblər. İyirminci əsrin sonunda isə erməni işğalçıları Dağlıq Qarabağı və ətraf yeddi rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt ediblər.
Tarixi hadisələrin gedişi göstərir ki, bütün XX əsr boyu azərbaycanlılar üçün əsl fəlakətə çevrilmiş “erməni məsələsi”, sonralar isə “Qarabağ problemi” Qafqazda öz nüfuzunu, mövqeyini itirmək istəməyən Rusiya imperiyasında siyasi vəziyyətlə bilavasitə bağlı olub.
1905-1907-ci illər birinci rus inqilabı dövründə çarizm öz hakimiyyətini qorumaq üçün milli ədavətləri qızışdırırdı. Bundan yararlanan ermənilər torpağında yaşadıqları azərbaycanlılara qarşı tarixdə görünməmiş qırğına başladılar. Bakıda, Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda və başqa yerlərdə azərbaycanlıları çox böyük qəddarlıqla, özlərinə məxsus amansızlıqla qətlə yetirdilər.
Ermənilərin bu vəhşiliklərini öz gözləri ilə görmüş, dövrünün tanınmış ziyalısı Ə. Ağayev 1906-cı ildə Gəncə məscidində öz çıxışında demişdi: “Yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, onlar başqa heyvanları parçalayırlar, amma həmcinslərinə toxunmazlar. Nə acıdır ki, vəhşi heyvanların yapmadıqlarını ermənilər yapırlar. Tarixdə bu naxoş hadisəyə bənzər heç bir hadisəyə rast gəlməmişik”.
Ermənilər 1905-ci ildən daha ağır və daha genişmiqyaslı qırğınları 1918-ci ilin mart ayında törədiblər. 1918-ci il soyqırımının martda məhz Azərbaycanda həyata keçirilməsi də təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin mayında deyil, məhz martında, özü də Tiflisdə yox, Bakıda elan olunma ehtimalı çox idi. Başqa sözlə, Azərbaycan və Gürcüstan müstəqillik barədə akt imzalamağa hazırlaşırdı. S.Şaumyan və onun havadarlarının məkrli niyyəti Bakını erməniləşdirmək, yerli əhalini buradan qovub çıxarmaq və beləliklə, “böyük Ermənistan”a yol açmaq idi.
S.Şaumyan qırğına əvvəlcədən hazırlıq görmüşdü. 1918-ci il martın 3-də Stalinə xüsusi xahiş məktubu göndərmişdi. Məktubda əsas məsələ daşnak hərbi hissələrini daha çox silahlandırmaq idi. Şaumyan yazırdı: “Daşnaklar üçün top məsələsini, xahiş edirəm, elə rəsmiləşdirəsiniz ki, məsələnin qəti həlli burada məndən asılı olsun. Biz isə vəziyyətə görə burada həll edərik”.
Azərbaycan xalqına soyqırımın həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz işləri üzrə fövqəladə komissar Stepan Şaumyan göstəriş vermiş, bu dəhşətli cinayəti təşkil etmiş və ona başçılıq etmişdi. Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi.
Hiyləgər Şaumyan mart qırğınının mahiyyətini Leninə belə təqdim edirdi: “Müsəlman millətçi partiyaların müqaviməti üzündən Bakıda sovet hakimiyyəti daim tükdən asılı idi. Yelizavetpolda və Tiflisdə yerini möhkəmləndirmiş olan feodal (bəy və xan) ziyalıları başda olmaqla bu partiyalar, menşeviklərin alçaq və qorxaq siyasəti nəticəsində özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar. Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlman ünsürləri tərk-silah edib qırardılar. Bakıda onlar qalib gəlsəydilər Zaqafqaziya Rusiya üçün itirilmiş olardı”.
Bakıda mart qırğınında “bolşevik dəstəsinin” komissarı da milliyyətcə erməni olan Martisosyan idi. Həmin dövrdə Bakı Sovetinin silahlı qüvvəsinin özəyini əsasən ermənilər, ilk növbədə daşnak qoşun hissələri təşkil edirdilər. Şaumyanın Bakı ermənilərinə ünvanladığı bir müraciət ömrü boyu inqilabi ibarələrlə pərdələnməyə çalışsa da, onun əslində məhz “böyük Ermənistan” yaratmaq kimi daha mənfur bir ideyaya xidmət etdiyini təsdiqləyir.
Azərbaycan əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə və deportasiyaya məruz qalıb. 1918-ci ilin mart qırğınları isə xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindəndir. Martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyanın hərbi yardımı ilə təkcə Bakıda 15 min azərbaycanlını qətlə yetiriblər.
Stepan Şaumyanın da sözləri təsdiq edir ki, Bakıda dinc əhalini qırmaq üçün erməni və bolşeviklərə bəhanə lazım idi: “Biz süvari dəstələrimizlə ilk silahlı hücum cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərlik silahlı qüvvəmiz, “Daşnaksütyun”un da 3-4 min nəfərə yaxın milli birləşməsi var idi və onlar bizim ixtiyarımızda idi. Onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verirdi. Lakin bunsuz mümkün deyildi. Biz buna şüurlu surətdə gedirdik. Əgər onlar Bakı şəhərində üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”.
Həmin ilin mart-may aylarında isə erməni silahlı dəstələri Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətməklə 50 mindən çox soydaşımızın həyatına son qoydular. Ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində törətdikləri qətllər də qəddarlığı ilə seçilib. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi, yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan çox soydaşımız tarixi-etnik torpaqlarından didərgin salınmışdı.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən ermənilər 1988-ci il noyabrın 22-dən 28-dək müddətdə 22 rayonda soydaşlarımız yaşayan 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məntəqələrini azərbaycanlılardan təmizləyiblər. Bu hadisələr zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış, əmlakları qarət olunmuşdu.
1988-ci ildə Ermənistan SSR Ali Sovetinin “Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında” hüquqa zidd qərarından sonra erməni silahlı birləşmələri himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 20 mindən çox Azərbaycan vətəndaşını öldürüb, 4 minə yaxın dinc əhalini girov götürüb, yerlə-yeksan etdikləri Xocalıda azərbaycanlıların soyqırımını həyata keçiriblər. Bu hadisələr zamanı 1 milyon azərbaycanlı öz torpaqlarında məcburi köçkünə çevrilib.
II Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış - yəni, 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu - Baş patriarxın müavini, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ.V.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçməyə və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.1945-ci il” dərkanarını qoyub. 1945-ci il noyabrın 21-də SSRİ XKS-ti “Sovet Ermənistana xarici ölkələrdən qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir. Bu qərarı alan Ermənistan SSR rəhbəri G.Arutinov İ.V.Stalinə Dağlıq Qarabağ Muxtar Vilayəyinin Ermənistan SSR tərkibinə verilməsi ilə bağlı ona məktubla müraciət edir.
İ.V.Stalin məktubu G.M.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan KP(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur.
Qarabağın Azərbaycan torpağı olması ilə bağlı 6 tarixçi aliminin elmi arayışını alan M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə “tam məxfi” qrifi ilə ÜİK(b) PMK katibi G.M.Malenkova göndərdiyi elmi cəhətdən əsaslandırılmış cavab məktubunda Sovet Hakimiyyəti (1921-1929-cu illərdə Ermənistan SSR-ə verilən torpaqların ümumi sahəsi 20,8 min km2 təşkil edib) illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırır və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail olur. Lakin rədd cavabı verilməsinə baxmayaraq, ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən vətənləri Sovet Ermənistanına qayıdan milliyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı qərarın verilməsinə nail oldular.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı.
Erməni quldurları Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsus Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqmi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri idi. Xatın, Xirosima və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi.
1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın oldu ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Həmin qanlı gün, saat 23.00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənginə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.Xocalılar vəhşiliklə üz-üzə qaldılar.Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar istifadə edildi. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.
Bu soyqırımı əməliyyatlarında xüsusi hazırlıq keçmiş 366-cı alayın zabitlərinin və digər muzdluların iştirakı tələfatın miqyasını daha da artırmışdı. Xocalı facisəi şahidlərdən biri belə deyir: “Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumuzun başını erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər”. Digər bir şahid isə belə deyir: “16 yaşındakı oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən aldılar”. 10 yaşlı bir şahidin sözü: “Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm”. Başqa bir şahid isə belə deyir: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam”. Daşnak tör-töküntüsünə dəyişdirildim. İndi iki ayağımdan da məhrumam”. Başqa bir şahid isə belə deyir: “Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də axşam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli zərbələr endirirdilər. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarına bizi dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım oğlunu öldürdülər”.
Hadisələri ilk olaraq videolentə alan Azərbaycan jurnalistləri Seyidağa Mövsümlü və Çingiz Mustafayev çəkdikləri videogörüntülərdən məlum oldu ki, “öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi”. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.
İndi isə Xocalı faciəsindən az sonra hadisəyə şahid olan xarici jurnalistlərin qəzetlərində bu vəhşiliklər haqqında yazdıqlarına nəzər salaq:
“Qolos Ukraini” qəzeti: “Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar… Xocalıda körpələri nə üçün qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır”.
Nie qəzeti: “Bolqarıstanda çıxan bu mətbuat orqanı Xocalı soyqırımına həsr olunmuş bütöv bir nömrə çap etmişdir.
“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar.
Livanlı kinooperator təsdiq edib ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalmıb.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər.
R.Patrik İngiltərənin "Fant men nyus" teleşirkətinin hadisə yerində olan jurnalisti: Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Ermənilərin öz dilindən Xocalı etirafları: Davud Xeyriyyanın “Xaç naminə” kitabından hissələr (19-76-cı səhifələr . Müəllifin Xocalıdakı faciə haqqında qeydləri, 26-cı səhifə): “…O şaxtalı səhər günündə biz Daşbulağın yaxınlığındakı kilometrlərlə dərinliyi olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda podpolkovnik Oqanyan mənə işarə etdi ki, qorxmayım. Bu müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi üzərinə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə mən təxminən 1200-ə qədər meyitin yanından keçdim”. 62- 63-cü səhifələrdə müəllif yazır: “…Martın 2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul olan) alçaq monqollardan (türklər) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrı-ayrı yığınlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük maşınında mənim 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı .Mən heç vaxt o uşağın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar”.
“Memorial” Hüquq-Müdafiə Mərkəzinin təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə kobud qaydada ziddir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də bu haqda xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.
1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman imzalanıb.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb.
Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində fasiləsiz iş aparır. Dövlətimizin başçısı iştirak etdiyi bütün mötəbər beynəlxalq konfranslarda Ermənistanın əvvəlki rəhbərliyinin bilavasitə iştirak etdiyi bu qanlı cinayəti, xalqımıza qarşı törədilən yüksək tribunalardan diqqətə çatdırır. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə geniş vüsət alan və ətrafında minlərlə gənci birləşdirən “Xocalıya ədalət” kampaniyası da mühüm rol oynayıb. Kampaniya çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Bu istiqamətdə aparılan sistemli işin nəticəsidir ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.